Azedu.az

"Sabahın alimləri" XIV Respublika Müsabiqəsinin açılışı olub

Xəbərlər

12 Mart 2025, 14:20
"Sabahın alimləri" XIV Respublika Müsabiqəsinin açılışı olub

Bu gün "Sabahın alimləri" XIV Respublika Müsabiqəsinə start verilib. 

AzEdu.az xəbər verir ki, elm və təhsil sahəsində istedadlı şagirdlərin üzə çıxarılmasını hədəfləyən müsabiqənin rəsmi açılış mərasimi Bakı Ali Neft Məktəbində baş tutub.

Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirakçılara uğurlar arzulayıblar.

Firudin Qurbanov qeyd edib ki, "Sabahın alimləri" müsabiqəsi şagirdlərə elmi-tədqiqat sahəsi üzrə bacarıqlarını nümayiş etdirmək imkanı yaradır və onların beynəlxalq səviyyədə uğur qazanmasına təkan verir.

Nazir müavini müasir dövrdə robotların bəzi sahələrdə insanları əvəz etməyə başladığını bildirib. 

Onun sözlərinə görə, bəzi ölkələrdə müəyyən sahələrin əksər mütəxəssislərini artıq robotlar əvəz edir.

“Elm daim yeniliyə və axtarışlara açıqdır. Bu gün yaradıcı və analitik təfəkkür hər şeydən öndədir. Ölkənin gələcəyi məhz siz – sabahın alimlərindən asılıdır”, – deyə o vurğulayıb.

Fuad Qarayev isə ötən illərlə müqayisədə bu il finala keçən layihələrin sayının daha çox olduğunu bildirib.

Ümumilikdə müsabiqəyə şagirdlər 654 layihə ilə müraciət ediblər. Onların 138-i finala vəsiqə qazanıb.

Daha sonra INTEL ISEF beynəlxalq layihə müsabiqəsinin bürünc medal mükafatçısı İbrahim Allahverdiyev təcrübələrini bölüşüb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, "Sabahın alimləri" müsabiqəsinə qatılanların arasında qızların sayı ildən-ilə artır. O vurğulayıb ki, bu, qızların tədqiqat sahəsinə marağının artmasının göstəricisidir və çox sevindirici haldır.

Qeyd edək ki, müsabiqə üç gün davam edəcək. Martın 13-də elmi-tədqiqat institutlarının əməkdaşları, məktəb direktorları, doktorantlar, tələbələr və şagirdlər üçün xüsusi sərgi təşkil ediləcək.

Sərgidə finala vəsiqə qazanan 138 layihə təqdim ediləcək. İştirakçılar tədqiqat işlərini nümayiş etdirəcək və münsiflər heyətinin suallarını cavablandıracaqlar. Ziyarətçilər məktəblilərin innovativ yanaşmaları və elmi araşdırmaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Müsabiqənin nəticələri martın 14-də elan olunacaq və qaliblərə mükafatlar təqdim ediləcək.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox