Azedu.az

Xaricdə pulsuz təhsil alacaq GƏNC: “Özümlə qürur duyuram”

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Müsahibə

Seçilmişlər

Layihələrimiz

Tələbə və şagird

31 İyul 2024, 13:10
Xaricdə pulsuz təhsil alacaq GƏNC: “Özümlə qürur duyuram”

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair ilkin siyahı təsdiq olunub. 

 

Bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb. 

 

Onlardan biri Kembric Universitetində Maliyyə üzrə Magistratura səviyyəsinə qəbul alan Ofeliya Baxşəliyevadır.

 

AzEdu.az Təhsil Portalı olaraq  Ofeliya Baxşaliyeva ilə olan müsahibəni təqdim edirik:

 

- Ofeliya xanım, ilk növbədə təhsiliniz haqqında söhbətə başlayaq

 

- 2005-2016-cı illərdə Bakı şəhəri T.İsmayılov adına 6 saylı orta məktəbi bitirmişəm. Daha sonra 2016-cı ildə 646 bal toplayaraq ADA Univeristetin Biznesin idarə edilməsi fakültəsinə qəbul olundum.

Əslində ADA Universitetinə qəbul olmaq mənim ən böyük arzularımdan biri idi. Hətta yadımdadır ki, orta məktəbdə təhsil aldığım vaxtlar ADA Universitetində ilk dəfə bakalavr üzrə qəbul elan edilmişdi. Bu tarix təxminən 2010-2011-ci illərə təsadüf edir. Bizim məktəbə də universitetin posterləri asılmışdı. Bu universitet mənə də çox maraqlı gəldi və sonra araşdırmağa başladım. II ixtisas qrupu üzrə imtahan verməyi qərarlaşdırmışdım. Daha sonra seçdiyim qrup üzrə ADA- da tədris olunan ixtisaslara baxdım. Məni daha çox Biznesin idarə edilməsi ixtisası cəlb etdi və həmin ixtisasa qəbul aldım.

 

- Universitet illərinizi necə xatırlayırsınız?

 

- Tələbəlik illərim çox müsbət yadda qalıb. Bakalavr müddətində iştirak etdiyim dərslər və tədbirlər hələ də yadımdadır. Ən yaxın dostlarımı da məhz ADA Universitetində oxuyan zaman tapdım. Bu univeristet məni inkişaf etdirməklə yanaşı, sadiq dostlar da qazandırdı. Onub da qeyd edim ki, 2018-ci ildə tələbə mübadiləsi proqramında iştirak etmişəm. 1 semestr Böyük Britaniyada təhsil almışam.

 

- Dövlət Proqramı üzrə təhsil alacağınızı öyrənəndə hansı hisslər yaşadınız?

 

-Birinci Cambridge Universitetinə qəbul aldım və daha sonra qəbul məktubu ilə Dövlət Proqramına müraciət etdim. İlkin siyahı 25 iyulda təqdim edildi. Böyük Britaniyaya qəbul olan tələbələr sırasında adımı görən zaman çox sevindim. Özümlə qürur duydum.

 

Bu xəbəri daha sonra ailə üzvlərimlə, dostlarımla bölüşdüm. Onlarda çox sevindilər. mənim üçün böyük qürurdur ki, Dövlət Proqramı çərçivəsində təhsil alacam və ölkəmizi Böyük Britaniyda layiqincə təmsil edəcəm.

 

- Sizin kimi xaricdə təhsil almaq istəyən yüzlərlə gənc var. Onlara bu yolda nə demək istərdiniz?

 

İlk növbədə bu istiqamətdə çox çalışsınlar. Çünki bütün bu proseslərin hamısı bir günün işi deyil. Mən illərdir ki, öz üzərimdə çalışıram. Bu ADA Universitetinin öyrətdiyi bir bacarıqdır ki, insan hər zaman öz üzərində işləməlidir. Tələbələrə tövsiyə edərdim ki, ixtisasından asılı olmarayaq günbəgün öz üzərində çalışsınlar. Bunun nəticəsində də çox böyük nailiyyətlərə gəlib çatacaqlar.

 

- Ofeliya xanım, təhsilinizi xaricdə davam etdirməyə necə qərar verdiniz?

 

Bakalavr təhsilimi bitirdikdən dərhal sonra magistratura təhsili almaq hələ planımda yox idi. Sadəcə artıq işləmək istəyirdim. Ali məktəbdə qazandığım təcrübəni artıq işdə tətbiq etməyə başladım. 2-3 il çalışandan sonra magistratura təhsili almaq qərarına gəldim. Çünki Cambridge Universitetində hətta qayda var ki, Maliyyə ixtisası üzrə sırf iki il iş təcrübəsi olsun. Bu proqramlar məhz peşəkarlar üçündür. Çünki burda bilikdən əlavə, praktiki layihələr olacaq. Düşünürəm ki, layihələrdə uğur qazanmaq üçün peşəkar keyfiyyətlərin olması şərtdir.

 

-Gələcəklə bağlı hansı hədəfləriniz var?

 

-Bu illər ərzində çoxlu fikirlərim olub. Amma indi magistratura təhsilimi yüksək səviyyədə başa vurub, daha sonra ölkəmizə dönərək vətənim üçün xeyirli və məsuliyyətli vətəndaş olmaq istəyirəm. 

 

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox