Azedu.az

UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib

Xəbərlər

5 Dekabr 2025, 17:04
UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib

UNEC-in ev sahibliyi ilə İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə 4-cü Beynəlxalq Avrasiya konfransının açılışı olub.

AzEdu.az xəbər verir ki, UNEC, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Türkiyənin TED, Atatürk və Bahçeşehir universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən konfransdan öncə iştirakçılar müasir təhsil texnologiyalarına həsr olunmuş sərgi ilə tanış olublar.

Konfransın açılışında çıxış edən UNEC rektoru, professor Ədalət Muradov rəqəmsallaşmanın təhsildə tətbiqindən söz açıb: “Rəqəmsallaşma sadəcə texnologiya deyil, təhsil sisteminin yenidən qurulmasıdır. Səmərəsiz təhsil modelini dəyişmədən rəqəmsal texnologiya tətbiq etmək səmərəsiz sistemin ömrünü daha da uzadır və bu, ciddi risklər yaradır”. Rektor qeyd edib ki, rəqəmsal dövrdə müəllimin rolu dəyişir, tələbə mərkəzli təhsil modeli əsas prioritetə çevrilir: “Biz müəllimi yenilənmiş modelə uyğun şəkildə hazırlamalıyıq. Bu gün müasir müəllim rəqəmsal resurslardan səmərəli istifadə etməyi bacarmalıdır. Bunu nəzərə alaraq, biz müəllimlər üçün müasir metodologiyaların tətbiqi ilə bağlı təlimlərə start vermişik. Eyni zamanda UNEC-də çevrilmiş təhsilin tətbiqinə başlamışıq”.

UNEC-in rəqəmsallaşmada yalnız ölkədə deyil, regionda da ilk universitet olduğunu diqqətə çatdıran rektor, bu modelin tətbiqinə 10 il əvvəl başlandığını bildirib. O, hazırda UNEC-in rəqəmsal platformasına Süni İntellektin inteqrasiyasının həyata keçirildiyini qeyd edib.

Sonda professor Ədalət Muradov bu kimi beynəlxalq tədbirlərin müxtəlif ölkələrin mütəxəssislərini bir araya gətirərək şəbəkələşməyə böyük töhfə verdiyini qeyd edib və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov çıxışında süni intellektin təhsildə tətbiqi, bu sahədə görülən işlər və qarşıda duran strateji hədəflər haqqında məlumat verib. Akademik qeyd edib ki, süni intellekt artıq qlobal miqyasda təhsil prosesinin ayrılmaz hissəsinə çevrilir və Azərbaycan bu istiqamətdə regional liderlik nümayiş etdirir.

Əli Abbasov ilk dəfə olaraq pilot layihə kimi UNEC-də süni intellektin mühazirə deyəcəyini və tələbələrin suallarını real vaxtda cavablandıracağını xüsusi vurğulayıb.

Türkiyənin TED Universitetinin dekanı Kürşat Çağıltay, Atatürk Univetsitetinin prorektoru professor Yöksel Göktaş konfransın əhəmiyyətindən söz açıblar.  Konfransın məqsədinin insan ilə kompüter və texnologiya arasındakı qarşılıqlı əlaqəni, həmçinin insanların ehtiyaclarına cavab verən daha səmərəli və funksional sistemlərin yaradılması yollarını müzakirə etmək olduğunu bildiriblər. Konfrans çərçivəsində Azərbaycan, Türkiyə, Avropanın müxtəlif ali təhsil müəssisələrindən olan alim və mütəxəssislər tərəfindən bu istiqamətdə mövcud problemlər, onların həlli istiqamətləri və beynəlxalq təcrübənin, elmi tədqiqatların təqdim olunacağını vurğulayıblar. Konfransın nəticələrinin Azərbaycan və Türkiyə elmi mühitinə, həmçinin beynəlxalq akademik ictimaiyyətə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Konfransda UNEC-də Öyrənmə Mühəndisliyi üzrə ilk laboratoriyanın yaradılacağı da bildirilib.

Açılışdan sonra beynəlxalq konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox