Azedu.az

Xarici İşlər Nazirinin müavinləri harada təhsil alıblar?

Xəbərlər

5 Dekabr 2025, 14:40
Xarici İşlər Nazirinin müavinləri harada təhsil alıblar?

Xarici İşlər Nazirliyi ölkənin beynəlxalq arenada maraqlarını qoruyan, xarici siyasətini formalaşdıran və həyata keçirən əsas qurumlardan biridir. Bu qurumda qəbul edilən qərarların effektivliyi isə birbaşa rəhbər heyətin peşəkarlığından asılıdır.

Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların həyata keçirdikləri islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.

AzEdu.az Təhsil Portalı nazir müavinlərinin təhsil həyatını araşdırır, onların professional hazırlığı barədə ümumi mənzərəni ictimaiyyətə təqdim edir.

Bu yazıda xarici işlər naziri Ceyhun Bayramovun müavinləri - Mahmud Məmməd-Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov və Yalçın Rəfiyevin təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.

173759

Mahmud Məmməd-Quliyev 1949-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1972-1974-cü illərdə Azərbaycan Dövlət Universitetində müəllim işləmişdir. Sonrakı illərdə müxtəlif dövlət orqanlarda xidmət etmişdir. 1992-1993-cü illərdə Kommersiya Bankının idarə heyətinin sədr müavini vəzifəsində işləmişdir. Həmçinin Azərbaycan Respublikası Milli Məclisin üzvü olmuşdur.

1996-2001-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini vəzifəsində işləyir.

Azərbaycan, rus və ingilis dillərini bilir.

173760Araz Əzimov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1978-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsində təhsil almışdır. 1984-1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət göstərmişdir. 1989-1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib vəzifəsində çalışmışdır.

1990-1991-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 1-ci katib vəzifəsində işləmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.

1994-cü ildən Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavinidir

İngilis, fars, rus və türk dillərini bilir.

173761Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1994-1998-ci illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.

1998-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini tamamlamışdır. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləmişdir.

2003-2005-ci illərdə Vyana şəhərində Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyində çalışmışdır. 2005-2008-ci illərdə Xarici İşlər Nazirliyində diplomatik xidmətini davam etdirmişdir.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Brüssel şəhərindəki Avropa İttifaqı yanında Nümayəndəliyinə ezam olunmuşdur. 2011-2013-cü illərdə Brüssel ezamiyyətindən qayıdaraq, Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə davam etmişdir.

2013-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini tutmuşdur. 2015-ci ilin iyunundan 2017-ci ilin yanvarınadək Təhsil Nazirliyinin aparat rəhbərinin müavini postunda fəaliyyət göstərmişdir.

2017-ci ilin yanvarından iyununadək Təhsil Nazirliyinin aparat rəhbəri işləmişdir. 2017-ci ilin iyunundan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinin rəis müavini vəzifəsində çalışmışdır.

2020-ci ilin sentyabrından Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavinidir.

173762

Elnur Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub.

1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə bitirib.

2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib. 2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub. 2021-ci ilin aprel ayından AR Prezidentinin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin edilib.

Bu təyinatdan əvvəl Elnur Məmmədov Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi vəzifəsində çalışıb.

2021-ci ilin sentyabrında Elnur Məmmədov Azərbaycan Respublikasının Hökumətinin Beynəlxalq Ədalət Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi təyin edilib.

2023-cü ilin iyulunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elnur Məmmədova “fövqəladə və səlahiyyətli səfir” ali diplomatik rütbəsi verilib.

Müxtəlif illərdə Təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

ADA Universitetinin Hüquq fakültəsinin müəllimidir və "Müqayisəli hüquq" kursunu tədris edir.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

173763

Samir Şərifov 25 noyabr 1976-cı il tarixində Bakı şəhərində anadan olub.

1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə həmin ixtisas üzrə magistr və 2000-2003-cü illərdə aspirantura pilləsi üzrə təhsil alıb.

2002-ci ildə Vyana Diplomatik Akademiyasında və 2003-cü ildə İnsan hüquqları üzrə Stokholm Universitetində kurslarda, eləcə də 2008-ci ildə Norveç Xarici İşlər Nazirliyi tərəfindən ADA Universitetində təşkil olunmuş “Liderlik” proqramında iştirak edib.

2000-2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində;

2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində;

2007-2009-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində;

2009-2014-cü illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin birinci katib və müşavir vəzifələrində çalışıb. Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü dövründə siyasi əlaqələndirici qismində fəaliyyət göstərib;

2014-2018-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində rəis müavini vəzifəsində;

2018-2021-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin  müşavir-elçisi vəzifəsində;

2021-2023-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2017-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamı ilə S. Şərifova “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

İngilis və rus dillərini bilir.

173764

Yalçın Rəfiyev 9 fevral 1987-ci ildə Şəmkir şəhərində anadan olub.

2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər” fakültəsinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2010-2011-ci illərdə İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində Ali Kursunda, 2014-2016-cı illərdə isə Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramı üzrə magistr proqramında təhsil alıb.

Peşəkar fəaliyyətə 21 sentyabr 2007-ci il tarixində Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsində referent vəzifəsində başlayıb.

2009 – 2011-ci illərdə XİN-in Təhlükəsizlik Problemləri İdarəsinin attaşesi;

2011 – 2013-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin üçüncü katibi;

2013– 2015-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin ikinci katibi;

2016 – 2017-ci illərdə AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin birinci katibi;

2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi;

2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini;

2019-cu il sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2021-ci il tarixli sərəncamı ilə Y. Rəfiyevə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib.

9 iyul 2019-cu il tarixində Diplomatik xidmət orqanlarındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənmə” medalı ilə təltif olunub.

 

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox