Azedu.az

BMU-da Yusif Məmmədəliyevə həsr olunmuş seminar keçirilib

Xəbərlər

4 Dekabr 2025, 16:21
BMU-da Yusif Məmmədəliyevə həsr olunmuş seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. 

AzEdu.az xəbər verir ki, seminarda BMU TEC-in İdarə Heyəti, universitetin professor-müəllim heyəti, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye, Sumqayıt Dövlət, Azərbaycan Memarlıq və İnşaat,  Azərbaycan Texniki universitetlərinin TEC rəhbərləri və üzvləri iştirak ediblər. 

Tədbirin əvvəlində Yusif Məmmədəliyevin həyat və çoxşaxəli elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.    

BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov çıxışında görkəmli alimin irsinin, xatirəsinin daim ehtiramla yad olunduğunu bildirib. O, elmdə silinməz iz qoymuş alimlərin heç zaman unudulmadığını, onların ideyalarının yeni nəsillərin inkişafına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, bu gün universitetlərdə kimya sahəsi üzrə təhsil alan gənclər üçün Yusif Məmmədəliyevin elmi fəaliyyəti bir yol xəritəsi təşkil edir. 

BMU-nun Kimya mühəndisliyi kafedrasının müdiri Namiq Şıxaliyev tələbəlik illərində Yusif Məmmədəliyev adına təqaüdlə təhsil almasının və akademikin qurduğu kafedrada elmi işçi kimi fəaliyyət göstərməsinin ona yaşatdığı qürurdan söz açıb. Akademikin kimya elminə gətirdiyi yeniliklər, əldə etdiyi nailiyyətlərdən danışan N.Şıxaliyev hazırkı dövrdə kimya elminin qarşısında dayanan vəzifələrə toxunub. Həmçinin BMU-da kimya sahəsindəki layihələri önə çəkərək Pekin Kimya Texnologiyaları Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramını xüsusi vurğulayıb. 

Sonra Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Yusif Məmmədəliyevin elmi irsinə verdiyi yüksək dəyərdən danışıb. Alimin elmi kəşflərinin əhəmiyyətini izah edən R.Rəhimov bildirib ki, təyyarələrin  yüksək uçuşunu təmin edən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması birbaşa Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Onun kəşflərinin II Dünya Müharibəsində hərbi aviasiyanın uğur qazanmasında xüsusi rol oynadığı diqqətə çatdırılıb. 

Tədbir zamanı qeyd edilib ki, belə seminarların keçirilməsi gənclərin elmə marağının artırılması, böyük alimlərin irsinin yeni nəslə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. 

Seminarın sonunda dörd ali məktəbin tələbələri üçün kampus turu təşkil edilib. Tələbələr həmçinin BMU-nun Kibertəhlükəsizlik, Kimya və Mexanika mühəndisliyi laboratoriyaları ilə tanış olublar. 

Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!
Son xəbərlərDaha çox