Azedu.az

Mədəniyyət nazirinin müavinləri harada təhsil alıblar? – SİYAHI

Xəbərlər

22 Noyabr 2025, 09:40
Mədəniyyət nazirinin müavinləri harada təhsil alıblar? – SİYAHI

Mədəniyyət Nazirliyinin müavinləri ölkənin mədəniyyət siyasətinin formalaşdırılmasında mühüm rol oynayan şəxslərdir. Onların peşəkar təhsili, sənət və idarəetmə sahəsindəki bilikləri, eləcə də praktiki təcrübələri nazirliyin mədəni irsin qorunması, incəsənətin inkişafı və kreativ sektorun gücləndirilməsi kimi strateji hədəflərinin reallaşmasına birbaşa təsir göstərir.

AzEdu.az bu yazıda müavinlərin təhsili və professional hazırlığı haqqında ümumi mənzərəni təqdim edəcək:

 

172931

Səadət Vidadi qızı Yusifova 11 aprel 1973-cü ildə anadan olmuşdur. 

Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur və hüquq üzrə fəlsəfə doktorudur. Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014–2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. 

24 fevral 2023-cü ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

172932

Fərid Cəfərov 6 iyun 1982-ci il tarixində Mingəçevir şəhərində anadan olub.

1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub. 2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb.

13 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə mədəniyyət nazirinə müavin təyin edilib.

172934

Murad Hüseynov 1 dekabr 1973-cü ildə Bakıda anadan olub.

O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991–1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib və 1996–1999-cu illərdə bu Bakı Musiqi Akademiyası aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub. M. Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000–2002-ci illərdə A. Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.

Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı (Fransa, 1998) və mükafatçısıdır (Tbilisi, Gürcüstan, 1997). O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir (Fransa, 2002). O həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanmışdır.

Pianoçu dünyanın müxtəlif ölkələrində (Fransa, İngiltərə, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan və s.) Azərbaycanın ifaçılıq mədəniyyətini təmsil etmişdir. O, bir çox klassik musiqi festivallarında iştirak etmişdir: Bax Musiqi Festivalı (İstanbul, 2000), Piano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (İstanbul, 2000), Fortepiano Festivalı (Hiroşima, 2002), Musiqili Kreml (Moskva, 2004) və s.

Musiqiçi bir sıra məşhur orkestr və ansambllar — London Kral Filarmonik Orkestri, Limoj Simfonik Orkestri (Fransa), Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, (Azərbaycan), Yeni Rus Kvarteti (Rusiya) və s. ilə konsertlərdə çıxış etmişdir. Onun çıxış etdiyi konsert zalları sırasına P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasındakı Raxmaninov zalı, Dövlət Kreml Sarayı (Moskva), Pleyel, Korto zalları, Fransa Senatı əsas zalı, Beynəlxalq Diplomatik Akademiya (Paris), Auditoriya (Roma), Dunay Sarayı (Budapeşt), Camal Rəşid Rey (İstanbul) və s. daxildir.

Murad Hüseynov Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 2011-ci ilin noyabr ayında Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 1 mart 2023-cü il tarixli sərəncamı ilə Murad Hüseynov Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilmişdir.

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox