Azedu.az

Müəllimin işi məktəbdə bitmir: “Problem saatlarda yox, sistemdədir”

Xəbərlər

24 Noyabr 2025, 09:03
Müəllimin işi məktəbdə bitmir: “Problem saatlarda yox, sistemdədir”

Müəllimin dərs saatı qısa görünə bilər, amma real iş yükünün böyük hissəsi evdə həyata keçirilir: dərs hazırlığı, tapşırıqların yoxlanması, sənədləşmə, layihələr, metodik işlər, valideynlərlə görüşlər və digər öhdəliklər.

Bu fikirləri AzEdu.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib.

O qeyd edib ki, 9-6 iş rejimi uzun illərdir cəmiyyətin demək olar ki, bütün sahələrində normal qəbul edilən standartdır:

“Müəllimlərin gələcəkdə tam ştat, yəni 9:00-dan 18:00-a qədər işləməsi ilə bağlı müzakirələr son günlər sosial mediada xüsusilə genişlənib. Müəllimlərin narahatlığının əsas səbəbi kimi tez-tez qeyd olunur ki, bu sahədə çalışanların böyük əksəriyyəti qadınlardır və uzun iş saatları onların ailə həyatına təsir göstərə bilər. Bu arqument emosional baxımdan anlaşılandır, lakin mövzuya daha geniş çərçivədən baxanda fərqli məqamlar ortaya çıxır.

Əslində, 9-6 iş rejimi uzun illərdir cəmiyyətin demək olar ki, bütün sahələrində normal qəbul edilən standartdır. Dövlət qurumlarında, özəl sektorda, xidmət sahələrində, banklarda həm qadınlar, həm kişilər bu rejimlə çalışır və həyat ritmini buna uyğun qururlar. Yəni bu model cəmiyyət üçün yeni deyil və illərdir qəbul edilən sistemdir. Buna görə də təbii sual yaranır: nəyə görə geniş şəkildə qəbul olunmuş standart iş rejimi müəllimlərə tətbiq olunanda narahatlıq doğurur?”.

Heç bir inkişaf etmiş ölkədə müəllimə həm uzun iş saatı, həm də böyük həcmdə evdə görülməli iş yüklənmir:

“Burada məsələ müəllimlərin ‘rahatlığa öyrəşməsi’ kimi sadəlövh yanaşma ilə izah edilə bilməz. Əsas problem illərlə formalaşmış qeyri-standart iş modelindədir. Müəllimin dərs saatı qısa görünə bilər, amma real iş yükünün böyük hissəsi evdə həyata keçirilir: dərs hazırlığı, tapşırıqların yoxlanması, sənədləşmə, layihələr, metodik işlər, valideynlərlə görüşlər və digər öhdəliklər. Yəni müəllim rəsmi olaraq qısa iş saatı ilə işləyirmiş kimi görünsə də, əslində həm məktəbdə, həm evdə uzun müddət çalışır. Bu səbəbdən tam ştat rejiminə keçid zamanı əsas sual belə formalaşır: "Hazırlıq, yoxlama, sənədləşmə kimi işlər rəsmi iş saatına daxil ediləcəkmi, yoxsa sadəcə məktəbdə qalma vaxtı artırılacaq?"

Dünya təcrübəsi göstərir ki, məsələnin mərkəzində iş saatının uzunluğu deyil, işin düzgün təşkili dayanır. Finlandiyada müəllimlərin məktəbdə keçirdiyi saatlar bizdən azdır, lakin hazırlıq və metodik fəaliyyət üçün əlavə rəsmi vaxt ayrılır və bu iş evə daşınmır. Kanadada müəllim 8:30–15:30 məktəbdə olur, hazırlıq saatı isə həmin günün iş yükünün bir hissəsi hesab olunur. Fransada müəllimlərin dərs yükü rəsmi iş saatından azdır, amma əlavə fəaliyyətlər üçün xüsusi zaman ayrılır. Yəni heç bir inkişaf etmiş ölkədə müəllimə həm uzun iş saatı, həm də böyük həcmdə evdə görülməli iş yüklənmir".

Narazılığın “rahatlığa alışmaq” kimi qiymətləndirilməsi nə obyektiv, nə də ədalətli yanaşmadır:

“Bizdə isə narahatlıq daha çox iş yükünün qeyri-bərabər paylaşılması, sənədləşmə və əlavə öhdəliklərin çoxluğu, metodik yüklərin ağırlığı, müəllimlərin böyük hissəsinin qadın olması və bunun ailə və sosial rol bölgüsünə təsiri ilə bağlıdır. Bu kontekstdə narazılığın ‘rahatlığa alışmaq’ kimi qiymətləndirilməsi nə obyektiv, nə də ədalətli yanaşmadır.

Əslində müzakirə olunmalı əsas sual belə olmalıdır: "Tam ştat rejimi müəllimin real iş yükünü balanslaşdıracaqmı, hazırlıq saatlarını rəsmi iş vaxtına daxil edəcəkmi, iş şəraiti və maaş uyğun şəkildə artırılacaqmı? Yoxsa dəyişən yalnız məktəbdə qalma müddəti olacaq?".

Nəticə olaraq demək olar ki, müəllimin 9-6 işləməsi mümkündür və bu, dünyanın bir çox ölkələrində mövcud standartdır. Lakin bunun üçün paralel şəkildə şəraitin yaxşılaşdırılması, məktəbdənkənar ağır işlərin azaldılması, əməkhaqqının uyğunlaşdırılması və işin səmərəli təşkili təmin olunmalıdır. Müəllimlərin narahatlığı saatla bağlı deyil, sistemin daha ədalətli, şəffaf və balanslı olmasına olan ehtiyacdan qaynaqlanır".

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox