“Müəllimin məktəbə “müştəri yeri” kimi baxması, şəxsi qazancını əsas hədəfə çevirməsi yolverilməzdir".
Bu fikirləri Elm və Təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib. Həmçinin, Nazir qeyd edib ki, yeni təhsil modeli tətbiq olunanda müəllimlərin maaşı iki dəfə artacaq.
Bəs bu halda müəllimlər repetitorluq etməyi buraxacaqlarmı, yoxsa daha çox repetitorluqla məşğul olacaqlar?
Mövzu ilə bağlı AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli danışıb.

O bildirib ki, müəllim məktəbdə keyfiyyətli dərs deyəndə, onun əlavə məşğələyə ehtiyacı qalmır:
"Nazirin toxunduğu məsələ, əslində, Azərbaycan təhsilində illərdir kök salmış bir paradoksu gündəmə gətirir. “Müəllimin məktəbə müştəri yeri kimi baxması” təkcə maddi çətinliyin yox, həm də peşəkar etik dəyərlərin zamanla aşınmasının nəticəsidir. Təhsildə ən təhlükəli məqam odur ki, müəllim öz missiyasını itirəndə, sistem nə qədər maliyyələşsə də, gözləntilər ödənmir.
Maaşların artırılması şübhəsiz ki, müəllimin sosial yükünü azaldır və bu, çox vacib addımdır. Amma problem təkcə maaşla bağlı deyil. Dünyanın heç bir ölkəsində repetitorluq yalnız aşağı maaşa görə yaranmayıb. Bu, daha çox sistemin qiymətləndirmə mədəniyyəti, valideyn təzyiqi, ali məktəb yarışı və məktəb-ev münasibətlərindəki balanssızlığın məhsuludur".
Burada iki paralel həqiqət var:
"Birincisi, yeni təhsil modeli tətbiq olunub müəllimlərin maaşı iki dəfə artdıqda, maddi asılılıq azalacaq. Bu, bir çox müəllimlərin repetitorluğa ehtiyac səbəbini zəiflədəcək. İkincisi isə təhsil modeli dəyişməyibsə, tək maaş artımı repetitorluğu tam dayandırmır. Əksinə, bəzən yüksək maaş alan müəllim daha çox tələb görür və bu, əlavə məşğələlərin genişlənməsinə səbəb ola bilər".
Bu məsələnin kökündə duran əsas faktor isə peşəkar etika və şəffaflıqdır:
"Müəllim məktəbdə keyfiyyətli dərs deyəndə, onun əlavə məşğələyə ehtiyacı qalmır. Amma məktəbdə zəif, evdə güclü dərs deyirsə, burada maaş yox, vicdan problemi yaranır. Ona görə də növbəti mərhələdə iki vacib islahat paralel gedir: Maaşların artırılması ilə müəllimin iqtisadi rahatlığı; Yeni modelin tətbiqi ilə peşəkar etik standartların yüksəldilməsi.
Bu hər ikisi birlikdə baş verəndə repetitorluğun sistemə zərər vuran formaları tədricən sıradan çıxacaq. Qalan hissə isə normal dünya təcrübəsidi. Seçim xarakterli, əlavə inkişaf yönümlü və məktəbin alternativi yox, dəstəyi olacaq şəkildə.
Azərbaycan təhsili hazırda məhz bu dönüş nöqtəsindədir: həm sosial təminat yüksəlir, həm də müəllimlik missiyası yenidən formalaşır".