Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) yekunlaşıb.
AzEdu.az xəbər verir ki, festivalda iştirak edən Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin 10 komandasından 3 komanda (dron, CNC Lazer kəsim və mühəndislik kateqoriyası) I yerin, 1 komanda (robot qayıq yarışları üzrə) II yerin, 4 komanda (xett izleyen robot, robokids kids katoqoriyası üzrə) III yerin olmaqla, ümumilikdə, 8 komanda qalib olub.
Məlumat üçün bildirək ki, ötən il Beynəlxalq STEAM Azərbaycan Festivalında I komandamız qalib olmuşdur. Ümumilikdə isə 2021-ci ildən təşkil olunan festivalda komandalar üzrə iştirak və qalib sayına görə məktəblilərimiz SAF-2025-də son 5 ilin ən böyük uğuruna imza atmışdır.
Qeyd edək ki, festivalda 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edib. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edib.
Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edib. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22 olub.