Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində (BMU-İNHA İDP) hazırda Koreyada (Cənubi) təhsil alan tələbələrlə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İnçon şəhərində baş tutan görüşdə proqram üzrə təhsil alan 114 tələbə iştirak edib.
Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi Nərmin Dadayeva və ölkəmizin Koreya Respublikasındakı Səfirliyinin əməkdaşı Vüsalə Zeynallının qatıldığı görüşdə tələbələrin İNHA Universitetində yüksək səviyyəli təhsil almalarının ölkəmiz üçün strateji önəm daşıdığı vurğulanıb. Bildirilib ki, İDP Azərbaycan gənclərinə beynəlxalq standartlara cavab verən mühəndislik bilikləri və praktiki bacarıqlar qazanmaq imkan yaradır. Görüşdə, eyni zamanda diaspor təşkilatlarının fəaliyyətindən, tələbə təşəbbüsləri və layihələrinə göstərilən dəstəkdən bəhs olunub, Azərbaycan mədəniyyətinin Koreyada tanıdılması, icma daxilində birliyin gücləndirilməsi, ictimai fəallığın artırılması istiqamətində aktiv olmağın əhəmiyyəti önə çəkilib.
Tələbələrə komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətləri, həyata keçirilən irihəcmli layihələr haqqında da ətraflı məlumat verilib.
Müzakirələr zamanı tələbələr müxtəlif istiqamətlər üzrə öz layihələri və ideyaları haqqında fikirlərini bölüşüblər.
Sonra tələbələrin sualları cavablandırılıb və belə görüşlərin Cənubi Koreyada yaşayan azərbaycanlı gənclərin birliyinin gücləndirilməsi, onların Azərbaycan diaspor hərəkatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.