Qazaxıstanın Türküstan vilayətinin Alqabas kəndində (Jetısay rayonu) ikimərtəbəli fərdi evdə baş vermiş yanğın nəticəsində 12 nəfər, o cümlədən doqquz uşaq həlak olub.
AzEdu.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə çatanda ev artıq tamamilə alov içində olub. Üç nəfəri evdən çıxarıblar, lakin digərlərini xilas etmək mümkün olmayıb.
Qonşuların sözlərinə görə, bir gün əvvəl həmin evdə qonaqlıq olub, qonaqlar orada gecələyiblər. Yanğın 360 kvadratmetr ərazidə söndürülüb.
Qazaxıstanın uşaq ombudsmanı Dinara Zakiyeva bu barədə sosial şəbəkədə paylaşım edərək faciənin təfərrüatını açıqlayıb:
"Evdə iki ailə olub: valideynlər və uşaqlar. Yanğın zamanı dam örtüyü uçub".
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların ailələrinə başsağlığı verib, hökumətə və vilayət hakiminə ailələrin qohumlarına bütün zəruri yardımı göstərməyi tapşırıb. Onun göstərişi ilə hökumət komissiyası yaradılıb.
Qeyd olunur ki, zərərçəkmişlərə və mərhumların ailələrinə tibbi və psixoloji yardımlar da daxil olmaqla, hər cür kömək göstəriləcək.
Regional səhiyyə idarəsi üç zərərçəkmişin, o cümlədən bir uşağın xəstəxanaya çatdırıldığını bildirib. Hazırda onlar reanimasiyadadırlar, vəziyyətləri ağır, lakin sabitdir.
Yanğın faktı üzrə araşdırma başlayıb, hadisənin səbəbləri müəyyənləşdirilir.