"Google" şirkəti "AI Studio" platformasında hələ adı açıqlanmayan yeni süni intellekt modelini sınaqdan keçirir.
AzEdu.az "IThome" portalına istinadən xəbər verir ki, bu model çətin oxunan tarixi mətnlərin deşifrəsində demək olar ki, insan səviyyəsinə çatır.
Tarixçi Mark Hamfris modelin işini yoxlayıb. Süni intellekt beş mürəkkəb əlyazmada cəmi təxminən 1.7% səhv edib və onların çoxu sözlərlə deyil, durğu işarələri və böyük hərflərlə bağlı olub.
Xırda qeyri-dəqiqlikləri çıxarsaq, səhv faizi 0.56%-ə düşür ki, bu da təxminən hər 200 işarəyə bir səhv deməkdir. Bu göstərici qədim sənədlərlə peşəkar şəkildə məşğul olan mütəxəssislərin səviyyəsinə uyğundur. Model XVIII-XIX əsrlərə aid, çox vaxt səliqəsiz xətlə yazılmış, köhnəlmiş yazı formaları və qeyri-standart qrammatikaya malik sənədlərin öhdəsindən uğurla gəlib.