İstanbulun Fatih bölgəsində baş verən zəhərlənmə faciəsində ölənlərin sayı 4-ə çatıb.
AzEdu.az xəbər verir ki, Almaniyadan Türkiyəyə səfər edən Böcek ailəsinin daha bir üzvü, ailə başçısı Servet Böcek müalicə olunduğu xəstəxanada vəfat edib.
Bundan əvvəl onun həyat yoldaşı və iki azyaşlı övladı da həyatını itirmişdi.
Hadisə noyabrın 9-da Almaniyadan İstanbula gələn Servet və Çiğdem Böcek, həmçinin onların 2 uşağı Kadir Muhammet və Masalın qaldıqları oteldə səhhətlərinin pisləşməsi ilə başlayıb.
Ailə üzvləri noyabrın 12-də qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana isə 14 noyabrda dünyasını dəyişib.
Polisin araşdırmasına görə, ailə noyabrın 11-də Ortaköydə midyə, daha sonra isə bir restoranda yemək yeyib. Məhz həmin gün bütün ailə üzvlərində güclü ürəkbulanma və qusma şikayətləri başlayıb.
Müalicədən sonra evə buraxılsalar da, vəziyyətin ağırlaşması onların ölümünə səbəb olub.
Hadisədən sonra ailənin qaldığı oteldə aparılan araşdırma zamanı eyni mərtəbədə qalan 2 turist də oxşar simptomlarla xəstəxanaya aparılıb. Üçüncü şəxs isə ürək ritmi zəif olduğu üçün müşahidə altına alınıb.
Polis təhlükəsizlik tədbiri olaraq oteli tam boşaldıb, qonaqları müxtəlif otellərə yerləşdirib.
Zəhərlənmə ilə bağlı genişmiqyaslı istintaq başlayıb. Hazırda ümumilikdə 11 nəfər saxlanılıb. Onların arasında otel sahibi, lokum (şirniyyat) dükanı sahibi, kokoreç satıcısı, midyə satan şəxs, kafe sahibi və oteli dezinfeksiya edən şirkətin nümayəndələri yer alır.
Saxlanılanlardan dördü bu gün Çağlayan məhkəməsinə göndərilib. Digər 7 nəfər barəsində polis idarəsində əməliyyat tədbirləri davam etdirilir.
Hadisə Türkiyədə geniş rezonans doğurub və zəhərlənmənin dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.