"Mövcud saat hesabı ilə əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik".
AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib:
“Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin.
Əməyin ödənilməsi ilə bağlı suallar da sadə deyil. Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır. Çünki hazırkı statistika müəllimlərin 4-6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır”, - deyə nazir vurğulayıb.
E.Əmrullayev əlavə edib ki, müəllimin öz əməkhaqqını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil və bu, mütləq şəkildə dəyişdirilməlidir:
“Bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır. Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”, - deyə nazir bildirib.