Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi təhsil müəssisələrində aparılan araşdırmalar zamanı 30 şagirdin təhsildən yayındığı müəyyən edilib. Onlardan 28 nəfərinin yenidən təhsilə cəlb olunmasına nail olunub. Digər iki şagirddən biri valideyn məsuliyyətsizliyi səbəbindən hələlik məktəbə qaytarılmayıb, biri isə sağlamlıq imkanları məhduddur.
AzEdu.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq açıqlayıb.
Qeyd edilib ki, sağlamlıq imkanları məhdud olan həmin şagirdin distant təhsilə qoşulması üçün zəruri addımlar atılmağa başlanılıb.
Əlavə olunub ki, təhsildən yayınan uşaqlarla bağlı məlumatlar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən hazırlanmış “Ümumtəhsil məktəblərində təhsildən yayınan uşaqların mövcud vəziyyəti, yayınma səbəbləri, profilaktik tədbirlər və ailələrlə işin gücləndirilməsi, ictimai nəzarətin artırılması”na dair elektron sistemə mütəmadi olaraq daxil edilir. Bu proses Naxçıvan MR Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə şəkildə həyata keçirilir.
Nazirliyin tabeliyində fəaliyyət göstərən, fiziki imkanları məhdud, məktəbə gedə bilməyən şagirdlərin evdə ümumtəhsil proqramlarını mənimsəməsini təmin edən Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdindəki Distant Təhsil Mərkəzində hazırda 29 şagird təhsil alır. Onların 24-ü I–IX siniflər, 5-i isə X–XI siniflər üzrə tədris prosesinə cəlb olunub. Mərkəzdə ümumilikdə 18 müəllim — 17-si müddətsiz, 1-i isə müddətli olmaqla fəaliyyət göstərir.