Noyabrın 14-də əzilən tələbələrini müdafiə etdiyinə görə saxta ittihamla məhkəməyə verilən NDU-nun keçmiş müəllimi Aysel Quliyeva qarşı növbəti proses keçirilib. Naxçıvan şəhər Məhkəməsi müəllimə qarşı ittihamları əsassız hesab edərək, şikayəti rədd edib. Bununla NDU rəhbərliyi eyni şikayət əsasında ikinci məhkəməni də uduzmuş oldu. Məhkəmə hakim Aslan Heydərovun sədrliyi ilə keçirilib.
AzEdu.az xəbər verir ki, təxminən iki ay öncə NDU Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yaymışdı. Müraciətdə dekan müanivi Abbas Əhmədovun tələbələri döydüyü, təhqir etdiyi bildirilirdi. Tələbələr, universitet rəhbərliyinin aqressiv dekanı cazalandırmaq yerinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxardığını bildirmişdilər.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək, məhkəməyə şikayət etmişdi. Şikayət olunan şəxsin- Aysel Quliyevanın isə, müraciətin yayılması ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, Naxçıvan şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva dekan müavininin şikayətini qəbul etmişdi. Məsələ ictimailəşdikdən sonra hakimin bu hərəkəti ciddi ictimai qınağa səbəb olmuşdu. Bu qınağı nəzərə alan hakim, elə ilk iclasdaca işə baxmaqdan imtina etmişdi. Bundan sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova həvalə olunmuşdu.
Məhkəməni uduzduğuna görə işdən çıxarılma təhlükəsi ilə üzləşən dekan müavini Abbas Əhmədov eyni şikayətlə yenidən məhkəməyə müraciət etmişdi. Bu dəfəki işi udmaq məqsədilə onun öz vəkili vasitəsi ilə baş hakim Gülnar Səfərəliyevaya 20 min mnata rüşvət verdiyi bildirilirdi. Bu məsələ üzə çıxıb, ictimailəşdikdən sonra ciddi ictimai qınağa səbəb olmuşdu.
Abbas Əhmədovun baş hakimə verdiyi 20 min manat rüşvəti geri ala bilmədiyi bildirilir.