Azedu.az

Valideynlər arasında təşviş: bu virus uşaqlar arasında yayılır - XƏBƏRDARLIQ

Xəbərlər

17 Noyabr 2025, 09:21
Valideynlər arasında təşviş: bu virus uşaqlar arasında yayılır - XƏBƏRDARLIQ

Sosial mediada valideynlər arasında təşviş var ki, uşaqlar arasında silinmiş formalı, yəni tipik əlamətləri çox nəzərə çarpmayan skarlatina xəstəliyi yayılıb.

Bəs bu xəstəliyin ilkin əlamətləri nələrdir və necə qorunmaq olar?

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Puluxova danışıb.

O qeyd edib ki, əgər uşaqda boğaz ağrısı, yüksək qızdırma, udqunma çətinliyi və halsızlıq varsa, mütləq həkim müayinəsinə aparılmalıdır:

“Skarlatina ümumiyyətlə son günlər daha çox müzakirə olunur və bu, valideynlərdə təşviş yaradır. Əslində isə təşvişə heç bir əsas yoxdur, çünki skarlatina bildiyimiz və hər il rast gəlinən bir xəstəlikdir. Demək olar ki, hər mövsümdə görünə bilər. Xüsusən payız mövsümündə digər xəstəliklərlə paralel şəkildə artıb çoxala bilir. Skarlatina bakterial infeksiyadır. A qrupundan olan beta-hemolitik streptokok infeksiyası tərəfindən törədilir. Buna A qrup beta-hemolitik streptokok və ya qısaca streptokok infeksiyası deyilir.

Xəstəlik qəfil qızdırma ilə başlayır və temperatur 38-39 dərəcəyə qədər yüksəlir. Boğaz ağrısı olur, udqunma çətinləşir. Müayinə zamanı əsnək qıpqırmızı görünür və ədəbiyyatlarda buna alovlu əsnək deyilir. Uşaqlarda halsızlıq, iştahsızlıq, udqunma çətinliyi səbəbilə yeməkdən imtina ola bilər. Dildə tipik dəyişikliklər müşahidə edilir: əvvəlcə dil ağappaq ərplə örtülür, daha sonra isə qıpqırmızı olur. Buna çiyələk dili və ya moruq dili deyilir və bu, skarlatinaya xas görüntüdür”.

Skarlatinanı virus infeksiyalarından ayırmaq çətin ola bilər:

“Skarlatinada səpkilər də olur. Adətən xəstəliyin 1-2-ci sutkasında başlayır. Qırmızı, xırda-xırda səpkilər əmələ gəlir və daha çox büküş nahiyələrində – boyun, qoltuqaltı, qasıq bölgələrində görünür. Qarında da ola bilər. Üz qızarır, lakin ağız ətrafı ağ qalır, bu, skarlatinaya məxsus tipik əlamətdir. Bəzən gözlərdə yüngül ödem də müşahidə oluna bilər. Bunlar təsvir edilən klassik əlamətlərdir. Lakin praktikada skarlatina həmişə tam klassik şəkildə özünü göstərmir. Səpkilər bəzən çox zəif olur və nəzərdən qaça bilər. Valideynlər bu səpkiləri allergiya, dərman reaksiyası və ya sadəcə pişməcə ilə səhv sala bilirlər. Buna görə skarlatinanı virus infeksiyalarından ayırmaq çətin ola bilər.

Əsas məsələ ondadır ki, skarlatina virus deyil, bakterial infeksiyadır. Məhz buna görə də antibiotik müalicəsi vacibdir və gecikdirilməməlidir. Virus infeksiyalarında biz simptomatik müalicə tətbiq edirik, antibiotik lazım olmur, amma skarlatinada əksinə, antibiotik mütləqdir”.

Pediatr müalicə müddəti və yoluxduruculuqla bağlı da danışıb:

“Uşaq müalicəyə başladıqdan 24 saat sonra yoluxdurucu olmasa da, yenə də tam sağaldıqdan və antibiotik kursu bitdikdən sonra məktəbə və ya bağçaya getməsi daha yaxşıdır. Əgər uşaqda boğaz ağrısı, yüksək qızdırma, udqunma çətinliyi, halsızlıq varsa, mütləq həkim müayinəsinə aparılmalıdır. Müayinə zamanı streptokok testləri (boğazdan yaxma) istənilə bilər. Sürətli streptokok testinin pozitiv olması ilə diaqnoz tam dəqiqləşdirilir. Test pozitiv çıxan kimi müalicə, yəni antibiotik başlanır. Antibiotik başladıqdan təxminən 24 saat sonra qızdırma düşür və uşaq artıq yoluxdurucu olmur.

Evdə özbaşına antibiotik vermək qətiyyən olmaz, yalnız həkim təyini ilə istifadə olunmalıdır. Skarlatina təsdiqləndikdən sonra 10 günlük antibiotik kursu yazılır. Bu, gələcək ağırlaşmaların kəskin revmatik qızdırma, böyrəklə bağlı fəsadların qarşısını almaq üçün çox vacibdir.

Eyni zamanda evdə gigiyenik tədbirlərə, əllərin tez-tez yuyulmasına, oyuncaqların və tez-tez toxunulan səthlərin dezinfeksiyasına diqqət edilməlidir”.

Skarlatinanın yayılma yolları və risk qrupları barədə də məlumat verilib:

“Skarlatina hava-damcı yolu ilə yayılır. Xəstə uşaq öskürəndə və ya asqıranda ağız-burun boşluğundan çıxan damcılar havaya yayılır və başqasına keçir. Xüsusilə də xəstənin istifadə etdiyi fincan və digər şəxsi əşyaları paylaşmaqla yoluxma daha tez baş verir. Xəstəlik ən çox 3–15 yaş arası uşaqlarda rast gəlinir.

Skarlatina bakterial infeksiyadır, diqqətdən qaçmamalıdır. Vaxtında həkimə müraciət olunmalı və düzgün dozada 10 günlük antibiotik kursu aparılmalıdır. Klassik əlamətlər olmasa belə, boğaz ağrısı və yüksək qızdırma ilə müşahidə olunan hər bir hal mütləq həkim tərəfindən dəyərləndirilməlidir. Yalnız bu şəkildə gələcək ağırlaşmaların qarşısını almaq mümkündür. Əks halda xəstəlik ciddi fəsadlara səbəb ola bilər”.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox