Azedu.az

Şəmil Sadiq: Müəllimlərin yeni iş modeli əksər ölkələrdəkinə uyğundur 

Xəbərlər

14 Noyabr 2025, 16:12
Şəmil Sadiq: Müəllimlərin yeni iş modeli əksər ölkələrdəkinə uyğundur 

Dünən Milli Məclisdə elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin yeni iş rejimi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə, xüsusilə müəllimlər arasında müxtəlif suallar doğurub.

AzEdu.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq “Azərbaycan müəllimi”nə açıqlamasında yeni model barədə fikirlərini bölüşüb və ictimaiyyətdə yaranan suallara münasibət bildirib.

O qeyd edib ki, müəllimin işi yalnız sinfə daxil olub dərs deməklə məhdudlaşmır və yeni model bu baxımdan əhəmiyyətli dəyişikliklərə şərait yaradır:
“Bu model, əslində, müəllimlərin iş yükünü daha səmərəli təşkil etməyə imkan verir. Bəzən müəllimlər düşünür ki, əlavə metodik və pedaqoji işləri evdə də etmək mümkündür. Amma müəllimin məktəb mühitində olması, prosesin bir parçası kimi fəaliyyət göstərməsi tamam fərqli nəticə verir”.

Şəmil Sadıqın sözlərinə görə, müəllimlərin daha uzun iş saatına keçidi ilə paralel maaş artımı nəzərdə tutulur və bu amil islahatın qəbul olunması baxımından önəmlidir. O bildirir ki, yeni model yalnız sertifikatlaşdırmada yüksək nəticə göstərmiş, peşəkarlığı təsdiqlənmiş müəllimləri əhatə edəcək:
“Burada əsas məqam odur ki, hər kəsin iş rejimi avtomatik olaraq 8 saata keçməyəcək. Keyfiyyətli müəllimin seçilməsi başlıca şərtdir. Bu, peşəkar müəllimlərin motivasiyasını artıran çox müsbət addımdır”.

Alim əlavə edib ki, hazırda bəzi müəllimlər həftədə cəmi 6–12 saat dərs deyir və buna uyğun olaraq çox aşağı əməkhaqqı alırlar. Yeni modeldə isə daha sabit dərs yükü, əlavə fəaliyyətlərin məktəbdə icrası, şagirdlərlə fərdi iş imkanlarının genişlənməsi nəzərdə tutulur:

“Bu dəyişiklik həm müəllimlərin inkişafına, həm də məktəb mühitinin ümumi keyfiyyətinə töhfə verəcək”.

O qeyd edib ki, yeni iş modeli dünyanın əksər ölkələrində tətbiq edilən məktəb rejiminə uyğundur. Bununla belə, o, məktəblərin hazırkı infrastruktur vəziyyətinə də diqqət çəkib:

“Müəllimlərin günün böyük hissəsini məktəbdə keçirməsi üçün şərait olmalıdır. Hazırda bir çox məktəblərdə müəllim otaqları azdır, infrastruktur zəifdir. Bu problemlər həll olunmadan model tam tətbiq edilə bilməz”.

Bunun repetitorluğa təsiri məsələsinə də toxunan Şəmil Sadıq vurğulayıb ki, yeni modelin birbaşa məqsədi repetitorluğun qarşısını almaq deyil. Amma məktəbdə əlavə dəstəyin artması müəyyən dərəcədə müsbət təsir göstərə bilər:

“Əsas məsələ odur ki, müəllim məktəbdə olduğu müddətdə vaxtını səmərəli istifadə etsin. Boş zaman keçirmə praktikasına yol verilməməlidir”.
Sonda o bildirib ki, proses mərhələli şəkildə həyata keçirilsə və maaş sistemi ədalətli qurulsa, yeni model müəllimlik peşəsinin nüfuzunu artıracaq:

“Yaxşı müəllim yaxşı maaş almalıdır. Əgər bu təmin edilərsə, müəllim başqa işə üz tutmayacaq, bütün diqqətini şagirdlərə yönəldə biləcək. Bu addımlar təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi dəstək olacaq”.

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox