Azedu.az

“Telefon uşaqları tərbiyə edir, biz yox”- məktəbdən xəbərdarlıq

Xəbərlər

13 Noyabr 2025, 16:58
“Telefon uşaqları tərbiyə edir, biz yox”- məktəbdən xəbərdarlıq

İnformasiya əsrində yaşadığımız üçün telefon və internet resursları həyatımızın ayrılmaz parçasına çevrilib. Əgər bu vasitələr bir tərəfdən inkişafı dəstəkləyirsə, digər tərəfdən mənfi təsirlərini də göstərmiş olur.

Məktəbimiz beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif layihələrə qoşulduğu üçün vaxtaşırı onlayn təlim və layihələr icra olunur. Bu da birbaşa telefon və internetdən istifadə məcburiyyətini ortaya qoyur. Həmçinin hər bir sinif üçün votsap qruplar da yaratmışıq. Nəticə etibarilə müəllimlər gündəlik qruplara ev tapşırıqlarını atır, əlavə izahlar verirlər. Təbii ki, bu tapşırıqları icra edərkən şagirdlərin telefonla təması yaranmış olur. Belə məqamlarda sui-istifadə hallarının yaranması ehtimalı böyük olur.

Əslində telefondan istifadə müəyyən nəzarət altında həyata keçirilməlidir, lakin bu hər zaman belə olmur. Valideynlər övladlarına ən müasir telefonları verməklə yanaşı, onların bu resurslardan sərbəst istifadə etməsinə biganə yanaşırlar. Beləcə şagirdlər müəyyən yaş həddindən sonra idarəolunmaz həddə gəlib çatırlar. Buna baxmayaraq biz telefon və internet resursları qadağan etməyin də tərəfdarı deyilik. Bəlkə, uşaqları bu vasitələrdən kənarda tutmaq olar, amma nəticə etibarilə müasir dövrün tələblərindən xəbərdar olmayan gənclik yetişdirmiş olacağıq.

Bəs necə edək ki, yan təsirlərdən maksimum uzaqlaşmağa nail olaq?

Hazırda müasir telefonlarda “Valideyn nəzarəti” adlı bölmə var və bu bölməyə daxil olaraq telefonda hansı proqramdan neçə saat və günün hansı hissəsində istifadə olunduğuna baxa bilərik. Bundan daha ciddi yanaşma valideynin övladları ilə real münasibətidir ki, bunu heç bir resurs əvəz edə bilməz. Uşaqla elə münasibət qurulmalıdır ki, hər bir addımında valideynlə məsləhətləşməyə, daha faydalı proqramlardan istifadə etməyə meyilli olsun. Belə valideynlər də az deyil.

Telefondan istifadə ilə bağlı gündəlik limit tətbiq olunmalıdır.

Cari həftə ərzində şagirdlərin telefonlarına baxış keçirdik. Məlum oldu ki, şagirdlərin bir çoxu orta hesabla gün ərzində 5 saatdan çox telefon istifadə edirlər. Bəzi şagirdlərin 9-10 saat telefondan istifadə etdiyi də məlum olmuşdur. Çıxış yolu kimi əsas üsul valideynin övladına nəzarət etməsidir. Telefon günün müəyyən saatlarında uşaqlara verilə bilər ki, bu da yan təsirlərdən uzaqlaşmağa daha çox kömək edər. Təbii ki, məktəbə telefon gətirilməsinin qadağan olunması da günün müəyyən hissəsində telefondan istifadəni tam məhdudlaşdırılmasına kömək edir. Yalnız zəruri hallarda bizim və dərs keçən müəllimlərin nəzarəti altında məktəbdə internet və telefon resurslarından istifadə edilir. Ən pisi isə neqativ təbliğat maşınına çevrilən tiktok kimi sosial şəbəkələr izlənilən siyahının ön sıralarında dayanır.

Gündəlik orta hesabla 5 saatdan çox telefondan istifadəyə sərf olunan vaxtın əvəzinə nə qazanmaq olar?

Məsələn, 5 saatın 2 saatını dərs oxumağa sərf etsək, bu aylıq 60 saat və 2,5 günlük zaman kəsiyi edir. Əlbəttə, bu vəziyyətin yaradılması üçün alternativ variantlar da var. 5 il ərzində şagirdləri kitaba yönəltmək üçün çox təcrübə apardım. Ən uğurlu təcrübəmiz hazırda davam edən “Ən fəal oxucu” müsabiqəsidir. Mart ayınadək ən çox kitab oxuyan və məzmununu məktəbdə yaradılmış 4 nəfərdən ibarət komissiyaya danışan şagird planşet hədiyyə qazanacaq. Daha bir neçə nəfərə də dəyərli hədiyyələr veriləcək. Layihəmiz cəmi 3 həftədir, başlayıb. Hazırda 5-9-cu sinif şagirdləri tərəfindən 51 kitab mütaliə edilib ki, eyni kateqoriyada 53 şagirdin oxuduğunu nəzərə alsaq, kifayət qədər böyük rəqəmdir. Layihənin maddi tərəfi bir az çətin olsa da, ölkəmizdə və ölkə xaricindən dəstək göstərən insanlar var. Hətta Almaniyada yaşayan və orada doktorantura təhsili alan Nərmin adlı bir həmyerlimiz bu işdə xüsusi fəallıq göstərir. Əlbəttə, biz bu yarışma üçün tez-tez belə mükafatlar təyin etməyəcəyik. 3-4 ay aktiv kitab oxuyan şagird buna vərdiş edəcək və əminəm ki, bir gün geri baxanda həyatında önəmli dəyişiklik edən bu anlara görə bizə təşəkkür edəcək.

Ən yaxşı həll yolu kompleks yanaşmadır ki, bunun üçün ayrıca qanun qəbul olunmalı və hüquq mühafizə orqanları, eləcə də valideyn, məktəb və digər qurumlar birlikdə addım atmalıdır. Əks halda gender dəyişikliyi, cinayətkarlıq, ekstremizm kimi hallarla ara-sıra yenə rastlaşmış olacağıq.

Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox