12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 təyyarəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
AzEdu.az xəbər verir ki, LDU-nun Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos Zaur Məmmədov universitetin rektoru, prof. Natiq İbrahimovun adından tədbir iştirakçıları və bütün kollektivi bayram münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanın Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib. Dos. Zaur Məmmədov Milli Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbənin 5-ci ildönümünün ölkəmizdə bayram ovqatı ilə qeyd olunduğunu deyib. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsini ali qanunumuza diqqət kimi dəyərləndirib.
LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos. Kamal Mahmudov çıxışında bildirib ki, 12 Noyabr – Konstitusiya Günü milli birliyin, vətənpərvərliyin və dövlətçiliyin təntənəsini ifadə edir. Bu amillər hər bir vətəndaşın dövlətin hüquqi əsaslarını qorumaq, hüquq və vəzifələrini dərk etmək, ictimai-siyasi proseslərdə iştirak etmək üçün əhəmiyyətli imkandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsipləri əsasında həyata keçirilən müasir dövlət siyasəti milli maraqlarımızı qoruyur, ölkənin davamlı inkişafını təmin edir və vətəndaşların hüquq və azadlıqlarını bütün sahələrdə təmin edir. Dos. Kamal Mahmudov gənclərə konsitutsiyamızı dərindən öyrənməyi, hüquqlarını bilməyi və təbliğ etməyi tövsiyə edib.