Azedu.az

Pediatr: “Havanın dəyişməsi yox, viruslar uşaqları xəstələndirir”

Xəbərlər

12 Noyabr 2025, 17:04
Pediatr: “Havanın dəyişməsi yox, viruslar uşaqları xəstələndirir”

Son günlərdə hava şəraitinin dəyişkən keçməsi - bir gün isti, ertəsi gün soyuq və ya yağışlı olması  uşaqlar arasında mikrobların və yoluxucu xəstəliklərin yayılmasına səbəb olurmu?

Eyni zamanda bu cür hava valideynləri də çətin vəziyyətdə qoyur: övladlarını necə geyindirməli olduqları barədə qərar verməkdə tərəddüd edirlər.

Mövzu ilə bağlı AzEdu.az-a danışan pediatr Şəlalə Poluxova bildirib ki, uşaqların geyimində əsas qayda - bir qalın paltar əvəzinə bir neçə nazik qat geyindirməkdir:

“Uşaqlarda immun sistemi hələ tam formalaşmadığı üçün onlar həm viruslara, həm də bakteriyalara qarşı yetərincə mübarizə apara bilmirlər. Uşaqların tənəffüs yolları böyüklərlə müqayisədə daha həssasdır. Temperatur və rütubətin kəskin dəyişməsi zamanı orqanizm tez adaptasiya ola bilmir, bu isə bədən müqavimətinin azalmasına və müxtəlif virusların yayılmasına şərait yaradır.

Belə havalarda valideynlərdə "uşağı necə geyindirməliyik ki, nə üşüməsin, nə də tərləməsin?" sualı yaranır. Bəli, bu, bir qədər çətindir və biz həkimlər də bu sualla tez-tez rastlaşırıq.

Ən doğru üsul - bir qalın paltar yox, bir neçə qat geyimdir. Məsələn, səhər hava sərin olduğu üçün uşaq məktəbə gedəndə nazik köynək, onun üzərindən jaket və ya yüngül gödəkçə geyinə bilər. Günorta hava isinəndə isə artıq qatları çıxarmaq asan olur. Bu, həm uşağın rahat hərəkət etməsinə, həm də tərdənməməsinə kömək edir".

Soyuq havalarda virus infeksiyalarının artmasının əsas səbəbi uşaqların daha çox qapalı məkanlarda qalmasıdır:

“Yəni hava şəraitinə uyğun, asanlıqla geyinilib çıxarıla bilən geyimlər seçmək ən məqsədəuyğundur. Axşamlar hava soyuduqda uşaq həmin üst geyimini yenidən geyinə bilər. Ümumiyyətlə, ‘pis hava yoxdur, uyğun geyim var’ prinsipi burada əsasdır.
Məsələn, Bakı və Abşeron yarımadasında küləkli havalarda uşağı qoruyucu papaqla, havanın daha da soyuduğu dövrlərdə isə nazik şarf və ya boğazlı gödəkçə ilə qorumaq olar. Yağışlı havalarda su keçirməyən, amma nəfəs alan ayaqqabı geyindirmək məsləhətdir".

Havanın dəyişməsi xəstəliyin birbaşa səbəbi deyil, əsas səbəb viruslardır, lakin dəyişkən hava bu virusların yayılmasını asanlaşdırır:

“Aşağı temperaturda virus və bakteriyalar daha aktiv olur, bu da xəstələnmə riskini artırır".

Yoluxma riskini azaltmaq üçün isə pediatr aşağıdakı tədbirləri vacib sayır: "Uşaqlara müntəzəm əllərini yuma vərdişi aşılamaq; Qapalı məkanları tez-tez havalandırmaq; Öskürək, boğaz ağrısı, burun axıntısı kimi simptomlar yaranarsa, həkimə müraciət etmək və özbaşına dərman verməmək; Mövsümi, xüsusilə qrip peyvəndlərini vaxtında vurmaq; Uşağın yuxu rejiminə və balanslı qidalanmasına diqqət yetirmək.

Bu qaydalara əməl etməklə uşaqları həm soyuqdan, həm də viruslardan qorumaq mümkündür”, - deyə pediatr əlavə edib.

Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR
Son xəbərlərDaha çox