Azedu.az

Elmdə “məqalə fabriki” - müəlliflik pulla satılır?

Xəbərlər

12 Noyabr 2025, 10:53
Elmdə “məqalə fabriki” - müəlliflik pulla satılır?

"Dünyada elmi fəaliyyətin etibarlılığını sarsıdan yeni və təhlükəli bir tendensiya – “məqalə fabriki” fenomeni artıq real fakt kimi qəbul olunur. Son illər aparılan araşdırmalar göstərir ki, bəzi kommersiya saytları elmi məqalələrdə müəlliflik və ya həmmüəlliflik “satışı” ilə məşğuldur".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, Berlin Azad Universitetinin (Freie Universität Berlin) tədqiqatçısı, sosioloq Anna Abalkina 2019-cu ildən bu prosesi sistemli şəkildə izləyib:

"O, "International Publisher" adlı bir şirkətin saytında elmi məqalələrə pulla müəlliflik təklif edildiyini aşkar edib. Tədqiqat nəticəsində müəyyən olunub ki, ən azı 419 elmi məqalə bu yolla satılıb və onlar Oxford Universiteti Press, "Springer Nature" kimi tanınmış elmi nəşriyyatların jurnallarında çap olunub.Abalkinanın məlumatına görə, “məqalə fabriki” xidmətlərindən 39 ölkənin alimləri yararlanıb. 2019–2021-ci illərdə bu “elmi bazar”ın dövriyyəsi təxminən 6,5 milyon ABŞ dolları təşkil edib.

Saytın əsas səhifəsində belə bir reklam cümləsi yer alırdı: “Digərləri söz verib pulu alır və yoxa çıxır. Biz isə keyfiyyətli məqalə hazırlayırıq, dərc etdiririk və 100% indeksləşdiririk”. Səhifədə müxtəlif mövzularda yüzlərlə məqalə və onlara uyğun “müəlliflik slotları” satışa çıxarılıb. Məsələn, konvergent jurnalistika mövzusunda olan bir məqalədə birinci müəllif yeri 172 min rubl, dördüncü müəllif yeri isə 68 min rubl idi. Hər məqalənin yanında onun Scopus bazasında indeksləşdiriləcəyi də xüsusi vurğulanırdı".

Həmsöhbətimiz qeyd edib ki, hazırda adı çəkilən məqalələrin dərc olunduğu jurnalların redaktorları bu faktları araşdırmağa başlayıblar:

"İlk baxışda saxtalaşdırmanı aşkar etmək çətin olsa da, sənədlərdəki bəzi uyğunsuzluqlar diqqət çəkir. Məsələn, eyni məqalənin müəllifləri bəzən tamamilə fərqli ixtisas sahələrinə aid olur- bu isə real elmi əməkdaşlığı mümkünsüz göstərir.

Bu hadisə elmi mühit üçün açıq mesajdır: elmi etika və şəffaflıq hər bir ali təhsil müəssisəsinin əsas dəyərləri olmalıdır. Əgər elmi fəaliyyət sadəcə hesabat göstəricisinə çevrilərsə, nəticədə elm özü dəyərini itirəcək.

Azərbaycan universitetləri bu təcrübədən ibrət almalı, elmi etika mərkəzlərinin fəaliyyətini gücləndirməli, nəşr sayına deyil, elmi nəticənin keyfiyyətinə üstünlük verməlidir. Çünki “satılmış müəlliflik”lə əldə olunan göstəricilər nə universitetin, nə də ölkənin elmi nüfuzuna xidmət etmir".

Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR
Son xəbərlərDaha çox