Bir çox müasir tədqiqatlarda “gənclik” anlayışı yalnız xronoloji yaş göstəricisi ilə deyil, həm də insanın bioloji, psixoloji və sosial inkişaf mərhələləri ilə əlaqələndirilir. Bu baxımdan bioloji və orqanizm hazırlığı kontekstində aparılan araşdırmalar göstərir ki, gənclik mərhələsi təxminən 16-30 yaş aralığını əhatə edir.
AzEdu.az-ın araşdırmasına əsasən, bu dövrdə insan orqanizmi həm fiziki, həm də zehni baxımdan ən yüksək funksionallıq səviyyəsində olur. Yəni bədən sistemləri əzələ gücü, beyin fəaliyyəti, hormon balansı, reproduktiv imkanlar, psixomotor bacarıqlar və yaddaş mexanizmləri maksimum inkişaf səviyyəsinə çatır. Bu, gənclik dövrünün insan həyatında ən məhsuldar və enerjili mərhələ kimi xarakterizə olunmasına səbəb olur.
Eyni zamanda, bu yaş aralığı fərdin şəxsiyyət kimi formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. 16-30 yaş dövrü adətən axtarış və qərarvermə mərhələsi sayılır: gənclər bu zaman həm peşə, həm təhsil, həm də həyat tərzi ilə bağlı mühüm seçimlər edirlər. Onlar müstəqillik qazanmağa, cəmiyyətin aktiv üzvünə çevrilməyə və sosial rollarını müəyyənləşdirməyə çalışırlar.
Psixoloji tədqiqatlara görə, bu mərhələdə beyin hələ də inkişaf prosesini tam başa vurmadığından xüsusilə də planlaşdırma, emosional idarəetmə və risk dəyərləndirmə ilə bağlı neyron əlaqələr gənclər eyni zamanda həm enerjili, həm də emosional dəyişkən davranış nümayiş etdirirlər. Bu xüsusiyyətlər yaradıcılıq, yenilik axtarışı və adaptasiya qabiliyyəti ilə birləşdiyində gənclik dövrünü sosial və iqtisadi baxımdan çox məhsuldar mərhələyə çevirir.
Beləliklə, bioloji tədqiqatların nəticələri göstərir ki, gənclik yalnız təhsil və ya yaşla məhdudlaşan bir dövr deyil; o, insan orqanizminin, zehninin və şəxsiyyətinin ən aktiv inkişaf etdiyi, həm fiziki, həm intellektual, həm də emosional potensialın ən yüksək səviyyədə təzahür etdiyi bir mərhələdir. Buna görə də 16-30 yaş aralığı bir çox alimlər tərəfindən “gəncliyin bioloji qızıl dövrü” kimi qiymətləndirilir.