Azedu.az

Xaricdəki gənc azərbaycanlı: "İT sahəsinə marağım məktəb illərindən yaranıb"

Xəbərlər

7 Noyabr 2025, 22:57
Xaricdəki gənc azərbaycanlı: "İT sahəsinə marağım məktəb illərindən yaranıb"

Fərid Baxışlı: “AI hamını əvəz etməyəcək, amma ondan istifadə etməyənləri oyunun kənarında qoyacaq”

Texnologiya sürətlə inkişaf etdikcə, özü ilə bizi təəccübləndirən bir çox yeniliklər gətirir. Müasir texnologiya və innovasiyaların daim inkişaf etdiyi bugünkü dünyada unikal bacarıq və zəngin təcrübəyə malik şəxslər başqalarının həyatına əhəmiyyətli təsir göstərir. 

Azərbaycanda çevik və ambisiyalı gənc nəsil, yaxşı texniki baza və son illər bu sahəyə artan dövlət dəstəyi var. Amma hələ də beynəlxalq məhsul düşüncəsi, startap mədəniyyəti, ingilis dili səviyyəsi, eləcə də qlobal bazara çıxış kanalları baxımından görüləcək işlər qalır. Güclü texniki potensial var, amma onu düzgün “paketləyib” dünyaya çıxarmaq üçün ekosistem hələ tam formalaşmayıb.

“Azərbaycanla Böyük Britaniya arasında texnoloji körpünü gücləndirmək, daha çox azərbaycanlı mütəxəssisi qlobal layihələrə çıxarmağı qarşıma məqsəd qoymuşam. 

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a Böyük Britaniyanın London şəhərində fəaliyyət göstərən “Quberts Technologies” şirkətinin təsisçisi, informasiya texnologiyaları (İT) sahəsində peşəkar mütəxəssis Fərid Baxışlı deyib.

O, Azərbaycandan çıxmış bir informasiya texnologiyaları mütəxəssisi kimi və İngiltərədə fəaliyyət göstərən şirkət rəhbəri olaraq düşünür ki, Böyük Britaniyada texnologiya ekosistemi daha oturuşmuş və sistemlidir.


“Burada güclü hüquqi baza, risk kapitalına çıxış, universitet–sənaye əməkdaşlığı, məhsul yönümlü düşüncə, təhlükəsizlik və keyfiyyət standartlarına ciddi yanaşma var. İdeyanın test olunması, investisiya tapması və qlobal miqyaslanması üçün mexanizmlər daha şəffaf və əlçatandır”.

Uğurlu İT mütəxəssisi bu sahəyə gəlməsindən danışıb: “İT sahəsinə marağım məktəb illərindən yaranıb. O vaxt kompüterlərlə ilk tanışlığımda məni sadəcə proqramlardan istifadə yox, “bunlar necə işləyir?” sualı daha çox maraqlandırırdı. İmkan düşdükcə, kompüteri quraşdırmaq, sazlamaq, müxtəlif proqramlarla eksperimentlər aparmaq mənə maraqlı gəlirdi, sonradan isə bu maraq məni daha dərinə - şəbəkə, sistem inzibatçılığı və proqram təminatına yönəltdi.

Universitet və ilk iş illərində artıq bu sahənin sırf hobbi yox, peşəkar karyera ola biləcəyini anladım. Texniki roldan başlayıb tədricən komandalar, layihələr və sonradan şirkət idarəçiliyinə keçməyim də əslində o məktəb dövründə yaranan təbiət marağın məntiqi davamıdır. Bu gün də informasiya texnologiyalarını sadəcə peşə kimi yox, daim yenilənən və insanı öyrənməyə məcbur edən bir mühit kimi qəbul edirəm”. 

Böyük Britaniyada güclərini birləşdirən 3 azərbaycanlı gənc 

F.Baxışlı hazırda xaricdə yaşamasına baxmayaraq, fəaliyyətini yalnız yerli mühitlə məhdudlaşdırmayıb. O, həmvətənləri Yusif Cəbrayılov və Əli Əbdiyevlə birlikdə Böyük Britaniyada fəaliyyət göstərən “Quberts Technologies” adlı İT şirkətini təsis edib. “Quberts”  müxtəlif ölkələrdəki şirkətlərə texnoloji həllər təqdim edən beynəlxalq platformadır və təsisçilər bu fəaliyyətin bir neçə strateji istiqamətdə Azərbaycan üçün faydalı olmasına xüsusi önəm verirlər.

Onun sözlərinə görə, İngiltərədə formalaşmış standart və təcrübələri Azərbaycan mənşəli mütəxəssislərlə bölüşmək, onlara qlobal layihələrdə iştirak imkanı yaratmaq və iki mühiti bir-birinə bağlayan körpü rolunu oynamaq əsas məqsədlərdəndir.

Müsahibimiz bildirib ki, həm texniki biliklərin, həm də düzgün layihə idarəçiliyi, məhsul mədəniyyəti və qlobal düşüncə tərzinin Azərbaycanda güclənməsinə töhfə vermək onun işinin qayəsini təşkil edir. Hazırda beynəlxalq İT layihələri və şirkətin daxili məhsulu olan Safe Circle layihəsi üzərində işləyir.

“Yeri gəlmişkən, bu layihə London icmasının təhlükəsizliyini gücləndirmək üçün yaratdığımız mobil platformadır. İstifadəçilərə hadisələri tam anonim şəkildə bildirmək, real vaxt rejimində interaktiv xəritə üzərindən bölgələrdəki təhlükəsizlik vəziyyətini izləmək, lokasiya əsaslı bildirişlər almaq və şəxsi hesabat tarixçəsini görmək imkanı verir. Məhsul GDPR tələblərinə uyğun, məxfilik və məlumat təhlükəsizliyini mərkəzə alan memarlıqla qurulub və məqsədimiz həm texnologiya vasitəsilə daha təhlükəsiz şəhər mühiti formalaşdırmaq, həm də azərbaycanlı mütəxəssislərin imzası olan qlobal səviyyəli məhsul ortaya qoymaqdır”.


Fərid Baxışlı bildirib ki, Azərbaycanda İT sahəsində həm fəaliyyət göstərmək, həm də əməkdaşlıqları gücləndirmək planları var və bunu “Quberts” üzərindən daha sistemli şəkildə görür:

“Biz artıq komandamızı formalaşdırarkən azərbaycanlı mütəxəssislərə xüsusi üstünlük veririk və gələcək mərhələdə Azərbaycandan olan developer, dizayner, analitik və məhsul menecerlərinin beynəlxalq layihələrimizə daha çox cəlb olunmasını hədəfləyirik. Bu, bir tərəfdən ölkədəki peşəkarlar üçün uzaqdan (remote) qlobal iş imkanları yaradır, digər tərəfdən Azərbaycan komandasının imzasını da beynəlxalq mühitdə görünən edir. Yəni məqsədim yalnız fərdi karyera qurmaq deyil, “Quberts”i və şəxsi təcrübəmi Azərbaycan İT ekosistemi üçün açıq platformaya çevirməkdir”.

Fərid Baxışlı xaricdə yaşayan bir azərbaycanlı mütəxəssis kimi gənclərimizə tövsiyələrini də verib:
“Birincisi, baza bilikləri ilə zarafat etməyin: güclü texniki bilik, ingilis dili və problem həll etmə bacarığı sizin ən böyük kapitalınızdır. Kurs, diplom, sertifikat yaxşıdır, amma işə götürən üçün əsas “nə bilirsən?” yox, “nə etmisən?” sualının cavabıdır.

İkincisi, portfel yaradın: GitHub-da kodunuz olsun, real layihələrdə iştirak edin, frelans edin, hackathonlara qoşulun. Kağız üzərində CV yox, görünən iş göstərin. Bu gün Bakıda oturub Londondakı şirkət üçün işləmək realdır – sadəcə görünməlisiniz.

Üçüncüsü, şəbəkə qurun və sual verməkdən çəkinməyin. Linkedİn-dən düzgün istifadə edin, xaricdə çalışan azərbaycanlı mütəxəssislərlə əlaqə saxlayın, məsləhət istəyin. Normal, peşəkar yanaşan gəncə çox adam kömək etməyə hazırdır.

Dördüncüsü, davamlı öyrənməyi həyat tərzinə çevirin. Texnologiya çox sürətlə dəyişir. “Bir dəfə öyrəndim, bitdi” dövrü yoxdur. Hər il özünüzə sual verin: bu gün beynəlxalq bazarda rəqabət aparmaq üçün mənim üstünlüyüm nədir?

Və nəhayət, özünüzə inanın, amma real olun. Azərbaycan pasportu sizi məhdudlaşdırmır, amma zəif portfel, zəif ünsiyyət və qeyri-peşəkar yanaşma məhdudlaşdırır. Standartınızı qlobal qoysanız, həm ölkədən çıxmadan beynəlxalq layihələrə qoşula, həm də gedəcəyiniz yerdə güclü təmsilçi ola bilərsiniz.

Gənclərimiz yalnız sintaksis yox, məntiq, sistem düşüncəsi və AI ilə işləmə bacarığı üzərində işləsinlər. AI hamını əvəz etməyəcək, amma AI-dan istifadə etməyənləri çox tez oyunun kənarında qoyacaq”.

Texnologiya və insanlar

Fərid Baxışlının gələcəyə baxışı iki əsas xətt üzrə formalaşır: texnologiya və insanlar. Onun fikrincə, süni intellekt, rəqəmsallaşma, qlobal əmək bazarı oyunun qaydalarını dəyişir və bu dəyişiklikdən qaçmaq yox, düzgün oxumaq lazımdır:
“Hesab edirəm ki, yaxın illərdə fərqi yaradanlar texnologiyanı istehlak edən yox, onu anlayan, yönləndirən və üzərində dəyər quran komandalar olacaq”.

Mütəxəssis gələcəyə ehtiyatla yox, məsuliyyətli inamla baxır. Düşünür ki, həm dünyada, həm Azərbaycanda bu imkandan faydalana biləcək kifayət qədər istedad və enerji var. Öz rolunu isə bu istedad üçün düzgün platformalar yaratmaqda görür.

Hədəflər “görüləcək işlər siyahısı” deyil, davam edən prosesdir


Qarşısına qoyduğu məqsədlərə çatdırğını deyən gənc mütəxəssis hədəflərin hələ çox olduğunu deyib:
“Hədəflərim çoxdur. Düşünürəm ki, hədəflər “görüləcək işlər siyahısı” deyil, davam edən prosesdir. “Quberts”i daha geniş miqyasda qlobal oyunçuya çevirmək, daha çox azərbaycanlı mütəxəssislərlə işləmək, Azərbaycan–Böyük Britaniya (və ümumən Avropa) arasında texnoloji əməkdaşlıqda aktiv körpü rolunu gücləndirmək, süni intellekt və təhlükəsizlik kimi sahələrdə həm ictimai fayda verən, həm də kommersiya baxımından dayanıqlı məhsullar üzərində işləməyi düşünürəm”.

Fərid Baxışlının fikrincə, həyatda uğur qazanmaq üçün əsas keyfiyyətlər nizam-intizam, davamlılıq, dürüstlük, düzgün mühit və insanlar, peşəkarlıqdır.  

“Səni geri çəkən deyil, inkişaf etməyə məcbur edən insanlarla işləmək əsas şərtlərdəndir. Qalan hər şey - pul, titul, vəzifə - bu üçünün üzərində gələn nəticədir”, - deyə gənc mütəxəssis bildirib.

 

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox