216 nömrəli tam orta ümumtəhsil məktəbin ingilis dili müəlliminə şiddətli töhmət verilib.
AzEdu.az xəbər verir ki, sözügedən məktəblə bağlı yayılan görüntülərlə əlaqədar təhsil müəssisəsindən bildirilib ki, ingilis dili müəlliminin (müvafiq səbəbdən adı qeyd olunmur) davranışları ilə bağlı bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə rəhbərliyə şikayət olunub.
Məlumatda qeyd olunub ki, nəticədə ingilis dili müəlliminə "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:
"Noyabrın 4-də məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, məktəb Həmkarlar Komitəsinin sədri ingilis dili müəllimi ilə söhbət aparıb. Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, "Təhsilverənlərin etik davranış Qaydaları"na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq, məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb".
Məlumatda vurğulanıb ki, həmin gün müəllimlər otağında məktəb rəhbərliyi tərəfindən bir neçə müəllimin iştirakı ilə söhbət aparılıb:
"Bu zaman ingilis dili müəllimi yenidən yüksək səslə müəllim adına uyğun olmayan fikirlər səsləndirib, emosional davranışlar nümayiş etdirib.
Qeyd olunan müəllimin şagirdlərin qarşısında da davam etdirilən uyğunsuz davranışları tədris prosesinin pozulmasına, müəllim nüfuzuna, məktəb mühitinə və uşaq hüquqlarına zidd hesab olunur.
İngilis dili müəlliminin davamlı xarakter almış bu kimi davranışları ilə bağlı pedaqoji kollektivin üzvləri aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər". (Mənbə: oxu.az)