Azedu.az

Repetitorlara VACİB ÇAĞIRIŞ: “Zəfər Günü dərs yox, vətən ruhu günüdür”

Xəbərlər

7 Noyabr 2025, 20:57
Repetitorlara VACİB ÇAĞIRIŞ: “Zəfər Günü dərs yox, vətən ruhu günüdür”

8 Noyabr - Zəfər Günü, Azərbaycanın tarixində qürur və iftixar hissi ilə qeyd olunan ən mühüm günlərdən biridir. 

AzEdu.az xəbər verir ki, riyaziyyatçı Elbrus Hüseynovun Zəfər və Bayraq günlərində şagirdləri dərsə çağıran repetitorlara vacib mesaj ünvanlayıb. 

O bildirib ki, bu iki qürurlu gündə uşaqlara bayram ab-havasını yaşamaq imkanı verilməli, onların vətənpərvərlik ruhu daha da möhkəmləndirilməlidir.

“Sabah bizim Zəfər Günümüzdür. 9 Noyabr Dövlət Bayrağı Günüdür. Bu iki gündə dövlət bizə istirahət verir. Məktəblərdə də şagirdlər üçün tətil elan edilməlidir ki, uşaqlar bu bayramı qeyd edə bilsinlər. Biz müəllimlər bu bayramı uşaqlara təbliğ etməli, onlarda bu günə qarşı sevgi və həyəcan hissi yaratmalıyıq ki, hər biri “bizim Zəfər Bayramımız var” deyə qürurlansın”.

Müəllim həmçinin vurğulayıb ki, bu bayramın arxasında minlərlə qəhrəman Azərbaycan övladının qanı və canı dayanır:

“8 Noyabr Zəfər Günü üçün minlərlə gəncimiz şəhid olub, Allah hamısına rəhmət eləsin. Minlərlə qazimiz, yaralanan və döyüşdə iz qoyan vətəndaşımız var. Onlar ona görə şəhid, qazi olmayıblar ki, biz ağlayaq. Onlar bu dövlətin möhkəm, vətəndaşlarının isə firavan yaşaması üçün döyüşüblər”.

O, həmçinin cəmiyyətin üzərinə düşən məsuliyyətə diqqət çəkib:

“Bizim borcumuzdur ki, onları heç vaxt unutmayaq. Şəhidlərimizin valideynlərinə, ailələrinə xüsusi hörmət və qayğı ilə yanaşmalıyıq. Biz bu bayrağı yaşatmalı, onu daim uca tutmalıyıq”.

Çıxışında repetitor və müəllimlərə də müraciət edən Elbrus Hüseynov bildirib ki, 8 Noyabr və 9 Noyabr kimi günlərdə şagirdlər üçün adi dərs günləri təyin edilməməlidir:

“Əgər bir müəllim və ya repetitor Zəfər Günündə şagirdini dərsə çağırırsa, bu, düzgün deyil. Hər bir şagird deməlidir: “Müəllim, bu gün mənim Zəfər Günüm, mənim bayramımdır. Mən bu bayramda iştirak etməli, qazilərimizi, əsgərlərimizi görməli, onlarla görüşməliyəm”. Uşaqlar onsuz da bütün günü dərs və repetitor məşğələləri ilə sıxılırlar. Qoy, heç olmasa bu gün azad, qürurlu şəkildə bayram sevincini yaşasınlar”.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox