Azedu.az

Firudin Qurbanov milli kimlik mövzusunda konfransda iştirak edib

Xəbərlər

6 Noyabr 2025, 20:17
Firudin Qurbanov milli kimlik mövzusunda konfransda iştirak edib

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) “Zəfər həftəsi” çərçivəsində “Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik” mövzusunda konfrans keçirilib.
 

AzEdu.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, tədbirin mahiyyəti Zəfərin 5 illiyinə həsr olunub və Azərbaycanın inkişaf konsepsiyası ilə milli kimlik məsələlərinin elmi müzakirəsini əhatə edir. 
 

Rektor qeyd edib ki, qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir. 
 

Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin əsas missiyasının gənclərdə milli kimlik və mənəvi dəyərləri formalaşdırmaq olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, milli kimlik probleminə toxunmaq, təhsilin məzmununda milli kimlik, milli özünüdərk, milli-mənəvi dəyərlər, milli ideologiya, milli dil, din və qloballaşmanın milli kimliyə təsiri məsələlərinə münasibət bildirmək vacibdir. 


Firudin Qurbanovun sözlərinə görə, milli kimliyin dərindən dərk edilməsi və onun əsas komponentlərinin təhsildə ətraflı öyrədilməsi həyati zərurətə çevrilib. Milli kimliyi formalaşdıran əsas elementlərdən biri də milli mənəvi dəyərlərdir. 
 

Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı istiqamətində böyük xidmətlərini xatırladan Firudin Qurbanov qeyd edib ki, bu parlaq ideoloji irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
 

Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, təhsil işçilərinin əsas vəzifəsi uşaqlarda və gənclərdə milli kimliyin formalaşmasına, milli-mənəvi dəyərlərin tədris prosesində yüksək səviyyədə aşılanmasına xidmət etməkdir.
 

Konfransda çıxış edən millət vəkilləri, dövlət qurumlarının və elmi mərkəzlərin nümayəndələri Azərbaycanın yeni inkişaf mərhələsində milli kimliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təhsildə və gənclər siyasətində təbliği, qlobal çağırışlar fonunda milli dəyərlərin qorunması məsələlərinə toxunublar.
 

Çıxışçılar vurğulayıblar ki, Zəfərdən sonra formalaşan milli özünüdərk və dövlətçilik ideyaları ölkənin yeni inkişaf konsepsiyasının ideoloji əsasını təşkil edir. Bu baxımdan ali təhsil müəssisələrində elmi diskussiyalar və ictimai debatların təşkili mühüm əhəmiyyət daşıyır.
 

Tədbir çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Can Laçın” adlı məqalə müsabiqəsinin qalibləri, eləcə də  “Suveren Azərbaycan: keçmişdən gələcəyə” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıblar. 
 

Tədbir BSU tələbələrinin ifasında təqdim edilən bədii hissə ilə yekunlaşıb.

 

1 / 13

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox