Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, abutriyent və şagirdlər üçün gizli texniki vasitələrlə "köməklik" etməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib:
"Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən İslam Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib".
O da vurğulanıb ki, oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.