Lənkəran Dövlət Universitetində (LDU) “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına” dair 2020-2025-ci illər üçün Tədbirlər Planının icrası ilə əlaqdar olaraq “Qızların və oğlanların eyni dəyərə malik olduqlarına dair” innovativ tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə, cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olmasının vacibliyindən, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dos.Afaq Qasımova çıxışında bildirib ki, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönələn siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Belə ki, idarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı əsas prioritet təşkil edir.
Tədbirdə Aqrar və mühəndislik fakültəsinin tələbəsi Rəsul Şükürov və Təbiyyat fakültəsinin tələbəsi Rəşid Əlizadə gender bərabərliyinin cəmiyyətdə rolunu əks etdirən təqdimatla çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.