Ötən il dünyanın elmi əsərlərinə ən çox istinad olunan gənc alimləri arasında adı çəkilərək Harvard Universitetinə dəvət edilən və hazırda dünyanın ən reytinqli ali təhsil müəssisəsində tədqiqatlar aparan riyaziyyat professoru Anar Əhmədov daha bir uğura imza atıb.
AzEdu.az xəbər verir ki, A.Əhmədov Almaniyanın Humboldt Fondunun təcrübəli tədqiqatçılar üçün Humboldt Təqaüdünə (“Humboldt Research Fellowship for Experienced Researchers”) layiq görülüb.
“Azərbaycan müəllimi” qəzetinə eksklüziv açıqlamasında Harvard Universitetinin professoru aşağıdakıları söyləyib:
"Bu təqaüd daimi professorlara Almaniyada uzun müddətli tədqiqatlar aparmaq məqsədi ilə verilir. Mən və ailəm 3-4 illik müddətə Almaniyaya dəvət olunmuşuq. Burada ortaq çalışdığım bir professor məni may ayında bu təqaüdə təqdim etmişdi. Bundan əlavə, mənim apardığım tədqiqatlarla bağlı Humboldt Fonduna (“Humboldt Foundation” ) Amerikadan bir neçə əlavə məktublar yazılmışdı. Qaydalara əsasən, 6 aya yaxın bir zamanda layihələrə baxılır və bütün sahələr üzrə verilən layihələrin 1/3-i “Humboldt Foundation” tərəfindən mükafatlandırılır.
Təqaüd əsasən, əvvəl qazanılan uğurlar və yeni təqdim olunan ortaq layihələrə görə verilir. Səhv etmirəmsə, riyaziyyatdan bu il 10-a yaxın layihə mükafatlandırılıb. Mən 3-4 il Almaniyanın Bayrot Universitetində (University of Bayreuth) tədqiqat aparacağam və Avropada olan bir neçə professorlarla ortaq çalışacağam. Almaniyanın müxtəlif şəhərlərində yerləşən tədqiqat mərkəzləri ilə tanışlıq da bu proqrama daxildir. Bundan əlavə, proqram çərçivəsində Almaniyanın baş naziri ilə görüşümüz də planlaşdırılır".
Qeyd edək ki, Humboldt Fondu hər il bütün dünyadan 2000-dən çox tədqiqatçıya Almaniyada tədqiqatlar aparmağa imkan verir. Hazırda 140-dan çox ölkədə Fondun təqaüdünü almış 29 000-dən çox alim yaşayır. Onların arasında 55 Nobel mükafatı laureatı var.
Fondun təqaüdünə yaxşı akademik ixtisaslaşmaya və doktorluq elmi dərəcəsinə malik, öz tədqiqat istiqaməti, bir neçə illik müstəqil tədqiqatçılıq təcrübəsi olan, alman və ya ingilis dillərini mükəmməl bilən alimlər layiq görülür.
A.Əhmədov 1976-cı ildə hazırda erməni işğalı altında olan Cəbrayıl rayonunda anadan olub. 1993-cü ildə Bakı şəhərindəki 58 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1996-cı ildən Amerika Birləşmiş Ştatlarına köçərək ali təhsilini Kaliforniya Dövlət Universitetində fərqlənmə ilə bitirib. 2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsində doktorluq elmi dərəcəsi alıb. Həm də 2001 və 2003-2004-cü illərdə ABŞ-ın nüfuzlu Berkli və Prinston universitetlərində doktorantura təhsili alıb. 2006-2009-cu illərdə ABŞ-ın Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, İsveçrənin Sürix, Avstriyanın Vyana universitetlərində köməkçi professor və alim kimi çalışıb. 2018-ci ildə Minnesota Universitetinin professoru olaraq Amerikanın “Simons” Fondunun (The Simons Foundation) təqaüdünə də layiq görülüb. Riyaziyyat və nəzəri fizika üzrə xüsusi təqaüdə (Simons Fellows in Mathematics and Theoretical Physics Announced) layiq görülən ilk azərbaycanlı alim-tədqiqatçıdır. Bu təqaüd A.Əhmədova 2018-2019-cu illərdə Harvard Universitetində professorluq etməyə imkan verib.
kitabı