Azərbaycan elmi tarixinin yeni mərhələsi, şübhəsiz ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində söylədiyi bu çağırışla müəyyənləşir:
“Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.”
AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, bu fikirlər sıradan bir tövsiyə deyil, elm siyasətinin strateji dönüş nöqtəsini ifadə edir:
"Prezidentin vurğuladığı “praktik nəticələr”, “əlaqələndirmə” və “uzlaşma” anlayışları çağdaş elmi fəaliyyətin üç əsas sütununu formalaşdırır.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, yeni sənaye zonalarının, “yaşıl enerji” və “rəqəmsal iqtisadiyyat” layihələrinin reallaşdırılması artıq sırf texniki və maliyyə məsələsi deyil. Bu proseslər elmi biliklərin iqtisadi qərarların tərkib hissəsinə çevrilməsini tələb edir. Elm yalnız nəzəri bilik istehsal etməməli, həm də həmin biliklərin tətbiqinə texnoloji innovasiyalara, istehsal səmərəliliyinə və milli iqtisadi təhlükəsizliyə xidmət etməlidir.
Prezidentin “dövlət qurumlarının alimlərlə daha fəal işləməsi” çağırışı dövlət idarəçiliyində elmi əsaslı qərarvermə mədəniyyətinin formalaşması deməkdir. Bu, həm də dövlət orqanlarında elmi-tədqiqat bölmələrinin yaradılmasını, mövcud elmi resursların dövlət proqramları ilə uzlaşdırılmasını və AMEA ilə birgə tədqiqatların stimullaşdırılmasını nəzərdə tutur.
“Praktik nəticələr” dedikdə təkcə nəşrlərin və ya ixtiraların sayı deyil, elmin ölkənin sosial və iqtisadi həyatına verdiyi konkret töhfələr nəzərdə tutulur. Bunun üçün “elmi nəticələrin iqtisadi səmərəlilik indeksi”, “elmi ideyaların tətbiq göstəricisi” kimi yeni qiymətləndirmə sistemlərinin hazırlanması zəruridir.
Prezidentin bu çıxışı göstərir ki, Azərbaycan artıq bilgi istehsalı mərhələsindən bilginin dəyər istehsalı mərhələsinə keçir. Bu paradiqmada elmin məqsədi yalnız nəzəri həqiqətləri aşkarlamaq deyil, həm də bu həqiqətləri ölkənin inkişaf gündəminin reallaşmasına yönəltməkdir.
Prezident İlham Əliyevin yubiley nitqi Azərbaycan elminin gələcək strategiyası üçün ideoloji əsas rolunu oynayır. Burada əsas fikir aydındır: elm cəmiyyətin və iqtisadiyyatın ayrılmaz hissəsidir, onun nəticələri həyatın bütün sahələrində görünməlidir.Bu çağırışa cavab olaraq, həm AMEA, həm də universitet elmi strukturları qarşısında yeni vəzifə dayanır. Elmi potensialı iqtisadi artıma çevirən, nəticəyönümlü və dövlətlə koordinasiyalı elmi idarəetmə modeli yaratmaq".