https://www.zirve.edu.az/
29.03.2018 11:01
“Ali məktəblərin Fəlsəfə İnstitutu ilə əlaqəsi yox səviyyəsindədir”

“Təbii ki, fəlsəfə sahəsində çoxlu problem var. Birinci problem budur ki, biz uzun müddət SSRİ-nin tərkibində olmuşuq. Bu günün özündə də bir çox institut, universitetlərdə fəlsəfə SSRİ dövründəki kimi tədris edilir. Biz akademiyanın Fəlsəfə İnstitutu olaraq çox şeylər etməliyik”.

AzEDU xəbər verir ki, bunu Modern.az-a müsahibəsində AMEA-nın Fəlsəfə İnsitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, professor Əli Abasov deyib.

O, Azərbaycanda fəlsəfə sahəsindəki təhsilin cari problemlərinə toxunaraq, onların aradan qaldırmağın bəzi metodlarını da təklif edib:

“Etiraf edək ki, ali məktəblərlə Fəlsəfə İnstitutunun əməkdaşlığı, bağlılığı yox səviyyəsindədir. Bu bağlılıq kiminsə tərəfindən olmalıdır. Hələlik, ali məktəblər bunu istəmir. Bizdən də bir hərəkət yoxdur. Axır vaxtlar biz çalışırıq ki, yeni üsul yaransın. Dünyada fəlsəfədə böyük dəyişikliklər gedir. Bu dəyişiklik nəticəsində yeni bir dünya açılır. Görürük ki, dünya kommunizm, marksizm fəlsəfəsi ilə o qədər də bağlı deyil. Bu, təbii bir haldır. Çünki zaman keçir, şərtlər dəyişir. Bu dəyişikliklər mütləq nəzərə alınmalıdır.

Fəlsəfə İnstitutunda müxtəlif şöbələr var. Onlar arasında da hansısa bağlılıq olmalıdır. Bu bağlılıq isə o qədər də güclü deyil. Çoxları yalnız öz mövzuları ilə bağlı işləyirlər. Ona görə də, biz 2010-cu ildən başlayaraq çalışırıq ki, bağlılıq yaradaq.

Biz istədik ki, fəlsəfə ilə bağlı fənlərə yeni interpretasiya verək. Bununla əlaqədar 10 cildlik kitab çıxarmağı qarşıya məqsəd qoyduq. Bunun 8 cildi çıxıb. Hazırda 9-cu cild üzərində işləyirik.

Nəinki bizim institutun əməkdaşları, həm də xaricdən olan alimlər, filosoflar bu kitabların hazırlanmasında iştirak etdilər”.

Professor elm və təhsilin inteqrasiya, qarşılıqlı əlaqəsi yönündə Qərblə Azərbaycanı belə müqayisə edir:

“Qərbdə belədir ki, universitetlər elm ocaqlarıdır. Orada akademiyalar yoxdur. Və bütün laboratoriyalar, başqa elm ocaqları universitetlərin nəzdindədir. Bu  imkan verir ki, elm və tədris bir-biri ilə bağlı olsun. Bizdə isə belə deyil.

Bizdə elm tədqiqat institutlarında olur. Təhsil isə ayrıdır. Düzdür, bizim alimlərdən çoxu ali məktəblərdə də dərs deyir, lakin sovet vaxtından bəri problemlər qalır”.

Əli Abbasov geniş müsahibəsində Elmlər Akademiyası ilə bağlı fikirlərini də diqqətə çatdırıb:

“Zaman-zaman Elmlər Akademiyasının ləğvi ilə bağlı fikirlər səsləndirilir. Qeyd edilir ki, bütün elm universitetlərə verilsin.

Üstəgəl, bizdə elm ocaqları ilə akademiyanı koordinasiya edən orqan var idi. İndi isə bu, yoxdur. Açıq deməliyik ki, hətta koordinasiya orqanının olduğu zamanlarda belə əlaqələr güclü deyildi”.