Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 14:16:43
Nevroloqlar insultun təhlükəli fəsadlarının qarşısını almağın yolunu tapıblar

Mançester Universitetinin alimləri insultun ilkin mərhələsində iltihabı azaltmağa kömək edən iltihab əleyhinə preparat işləyib hazırlayıblar.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki,  söhbət iltihab xəstəliklərinin, o cümlədən revmatoid artritin terapiyasında istifadə olunan interleykin-1 reseptorunun süni şəkildə sintez olunan antaqonistindən – Anakinra (Kineret) vasitəsindən gedir.

Məlumdur ki, insultdan sonra güclü iltihab başlayır və xəstənin vəziyyətini ağırlaşdırır. Eksperimentlər göstərib ki, preparat insult və subaraxnoidal qan sızmaları zamanı iltihabı azaldır. Tədqiqata 80 könüllü cəlb edilib. Üç gün ərzində onlara altı doza preparat, yaxud plasebo verilib. Preparatın ilk dozası insult əlamətlərinin yaranmasından sonra altı saat ərzində verilib.

Kineret nəzərəçarpacaq əlavə təsir göstərməyib. Bu zaman iltihab markerləri terapiyadan əvvəl və terapiya zamanı götürülmüş qan analizlərinə əsasən ölçülüb. Alimlər vasitəni yalnız işemik insult keçirmiş adamlar üzərində sınaqdan keçiriblər. Məlum olub ki, inyeksiyalar iltihab göstəricilərini xeyli azaldıb. Maraqlıdır ki, daha əvvəl alimlər interleykin-1 reseptorunun insultdan sonra iltihab göstəricilərini və beynin zədələnməsi dərəcəsini artırdığını aydınlaşdırıblar. Kineret məhz interleykin-1 reseptorunun təsirini bloklayıb.