Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-19 16:49:09
DİM-in əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

16-18 iyul 2024-cü il tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Şərq tərəfdaşlığı proqramı və OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) SIGMA proqramı çərçivəsində Latviyanın Riqa şəhərində “Dövlət qulluğunda əmək haqqı sistemi və islahatlar” mövzusunda  beynəlxalq seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşı Ülviyyə Bədəlova və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Günay Hacılı “Azərbaycanda dövlət qulluğunda əmək haqqı sistemi” adlı təqdimatla çıxış ediblər. Azərbaycanla yanaşı Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın dövlət qulluğu siyasətini həyata keçirən müvafiq dövlət qurumlarının nümayəndələri  də seminarda iştirak ediblər.

 

Seminarın əsas məqsədi Şərq tərəfdaşlığı proqramına üzv ölkələrdə dövlət qulluğunda əmək haqqı sistemi haqqında təcrübə mübadiləsi və mövzu ilə bağlı iştirakçıların metodoloji məlumatlandırılması olub.

 

Seminarın ilk günü iştirakçı ölkələrin nümayəndələri ölkələrində dövlət qulluğu sahəsində mövcud olan əmək haqqı sistemi və bu sahədə edilən islahatlar barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda müxtəlif ölkələrin dövlət qulluğu sahəsində əmək haqqı sistemini tənzimləyən qanunvericilik aktları, əmək haqqının tərkib elementləri, o cümlədən əmək haqqına əlavələr və mükafatlar barədə ətraflı məlumat təqdim edilib və bu sahədə aparılan islahatlar istiqamətində yaranan problemlər ətrafında geniş müzakirələr aparılıb.

 

Üç gün davam edən seminarda SIGMA proqramının eksperti Lex Marçinkovski əmək haqqı sisteminin əsası, onun tərkib elementləri və müxtəlif ölkələrin əmək haqqı sistemində apardığı islahatlar zamanı qarşılaşdığı çətinliklər barədə geniş məlumat verib. Tədbirə ev sahibliyi edən Latviyanın Dövlət Katibliyinin əməkdaşı və eksperti ölkərində dövlət qulluğu sisteminin tarixi, strukturu və əmək haqqı sistemində aparılan köklü islahatlar barədə təqdimatla çıxış edərək, öz təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər.