Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 16:48:00
Professor: İnsanlar ən gözəl yaşlarını imtahan verərək keçirirlər

“Əmək bazarında araşdırma aparsaq görərik ki, 90% insanı yetişdirən təhsil yox, mühitdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

 

Professor ailə büdcəsinin böyük bir qisminin repetitorlara getdiyini bildirib:

 

“İmtahanlar gənclərə nə verir? İmtahanlarla bağlı nə qədər vəsait sərf edilir? Bu prosesin insan sağlamlığına necə təsiri var? Ümumiyyətlə burada təkcə iqtisadi, hüquqi deyil, psixoloji amillər də nəzərə alınmalıdır. Bizi daha çox narahat edən mövzulardan biri də budur ki, nəyə görə ailə büdcəsinin çox böyük bir hissəsi repetitorlara gedir? Nəticədə burada məqsəd ali məktəbə daxil olmaqdır. Ümumiyyətlə niyə Sovet dönəmindən indiyədək universitetlərə giriş bu şəkildə aktuallığını qoruyub saxlamaqdadır? Dünyanın ən yaxşı universitetləri artıq attestatla qəbul elan edir. Normal qaydada heç bir çətinlik və əziyyət çəkmədən insanlar gedib müraciət edirlər. Biz bunun qarşısında bacarıqlı gənc kadrlarımızı itiririk.

 

İnsanların bir hissəsi təhsil almaq üçün başqa ölkələrə gedirlər. Axı niyə? Bəzi valideynlər övladlarını imtahansız attestat vasitəsilə başqa ölkələrə təhsil almaq üçün göndərirlər. Eyni zamanda attestatla qəbul pulsuzdur. Əmək bazarında araşdırma aparsaq görərik ki, 90% insanı yetişdirən mühitdir. Ali məktəblərin verdiyi bacarıqlar bunun sadəcə 5-10% ni təşkil edir”.

 

Həmsöhbətimiz vurğulayıb ki,  gənclərimizin iş yeri qura bilməsi üçün onlara lazım olan mühit yaradılmalıdır:

 

“Biz elə etməliyik ki, gənclər iş axtarmaq yerinə, özləri üçün iş qura bilsinlər. İlk növbədə onlar üçün mühit yaratmalıyıq. Əgər bir tələbə ödənişli əsaslarla ali məktəbə daxil olub oxuyacaqsa, niyə imtahan verməlidir? İmtahan ona görə olmalıdır ki, tələbələr ödənişsiz əsaslarla təhsil ala bilsinlər. Yalnız tələbələrin pulsuz təhsil ala bilmələri üçün imtahan olmalıdır. Dünya belədir ki, qəbul olanların sayı çox, məzunların sayı isə az olur.

 

Axı nə qədər imtahan olar? İnsanlar gənclik illərini, ən gözəl yaşlarını imtahana sərf etmiş olurlar. Biz indiyə qədər axı bu məsələni niyə həll edə bilmədik? Məktəbdə, universitetdə, kollecdə imtahan... Bunun qarşısında artıq ailə büdcəsi də dözə bilmir”.

 

Z.Məmmədovun sözlərinə görə Sovet dövründə insanlar repetitor yanına getmədən dünyanın güclü ali məktəblərinə qəbul ola bilirdilər:

 

“Biz Sovet dövrünü bəyənmirik. Lakin o dövrdə kəndli repetitor yanına getmədən, ən ucqar kənddən gəlib dünyanın ən nüfuzlu universitetinə qəbul olurdu. Bu necə mümkün idi? Hesab edirəm ki, bir vahid sistem olmalıdır. Həmişə dövlət universiteti özəldən güclü olmalıdır. Odur ki, hər şey nəticə yönümlü olsa daha yaxşı olar. Ümumiyyətlə sistemləşdirilmiş qaydada bununla bağlı tədqiqatlar aparılmalıdır.

 

Uşaq artıq məktəbdən çıxdıqda o bilməlidir ki, gələcəkdə əmək bazarında özünü harada görür. Yoxsa bəziləri diplom alır, amma bilmir ki, əmək bazarında nə olacaq. Axı burada ali təhsilin  məqsədi nədir?

 

Ali təhsilin məqsədi əmək bazarının ehtiyacına uyğun yüksək dərəcəli mütəxəssis hazırlamaqdır. Uşaqları yetişdirmək üçün vahid sistem yaradılmalıdır. Onlar bilməlidirlər ki, alternativlər olmalıdır.

 

Abituriyentləri imtahana nəzarətçilərlə deyil, gülərüz formada qarşılamaq lazımdır. Sadəcə elan olunmalıdır ki, “xahiş edirik, kənar vasitələrdən istifadə etməyin”. Mən sizi inandırım ki, heç kim əlavə nə isə gətirməyəcək. Bununla da uşaqlarda güvən, inam yaratmış olacaqlar”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK