Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-30 09:03:00
 “Tarixdə bu gün” - 30 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

30  may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

30 may 1862-ci ildə dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabir Şamaxıda anadan olub:

 

Azərbaycan ədəbiyyatı, ictimai və bədii fikrinin ən böyük simalarından olan Sabir tənqidi realizmin qüdrətli nümayəndələrindən biridir. Onun yaradıcılığının əsasını humanizm və azadlıq ideyaları təşkil edir. Poeziyasında lirik motivlər də qüvvətlidir. Sabir poeziyası sənətkarlıq, bədii forma etibarı ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur. 

 

Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin satirik şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. Bundan başqa, şairin Firdovsi, Sədi və Hafizdən tərcümələri də var. (1862-1911)

 

30 may Beynəlxalq Dağınıq Skleroz Günüdür:

 

Beynəlxalq Dağınıq Skleroz Günü bu problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib. Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.

 

30 may 1913-cü ildə Bolqarıstan, Serbiya, Yunanıstan və Monteneqro krallıqlarından ibarət Balkan Birliyinin Osmanlı imperiyasına qarşı başladığı Birinci Balkan Müharibəsi sona çatdı.

 

30 may 1431-ci ildə işğalçılara qarşı mübarizənin lideri, Fransanın xalq qəhrəmanı Janna Dark (Jeanne d'Arc) “cadugərlik cinayəti” maddəsilə mühakimə edildi və yandırıldı. (1412-1431)