Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-28 11:49:20
Məişət zorakılığı: “Valideynləri də maarifləndirməliyik”

Məişət zorakılığı ilə bağlı məktəblərdə yeni mövzular tədris olunacaq.

 

Layihəyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil ediləcək.

 

Maraqlıdır, məktəblərdə məişət zorakılığının qarşısnı almaq üçün yeni mövzuların tədris olunması nə qədər effektiv olacaq?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva təkcə təhsilalan və təhsilverənlər deyil, valideynlər və cəmiyyət də maarifləndirilməlidir:

 

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihə tətbiq olunur. Bu çox maraqlı bir layihədir. Xüsusi mentorlar təyin olunub və mentorlar ayda 1 dəfə təyin olunduqları müvafiq məktəblərə gedirlər. Məktəblərdə baş verən hadisələri, hətta  bəzən bizim fikir vermədiyimiz, gözə görünməyən bullinqləri belə araşdırırlar və məktəblərdə bununla bağlı xüsusi komandalar yaradılır. Həmin komandalar problemləri aşkar edir və bunun aradan qaldırılması üçün müəyyən işlər görürlər. Əlbəttə ki, sözügedən layihə müəyyən qədər uşaqların maarifləndirilməsinə təsir göstərəcək. Məsələ ondadır ki, bu, təkcə təhsilalan və təhsilverənlər yox, cəmiyyət və valideynlər də aid olunmalıdır". 

 

Xalidə Musayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi üçün müxtəlif seminar və konfranslar keçirilməlidir:

 

“Valideyn istənilən halda öz məsuliyyətini dərk etməyi bacarmalıdır. Bu gün valideynlərin çoxu “mən uşağıma hər şey edirəmsə, onu böyüdürəmsə, bununla mənim məsuliyyətim tamamlanır”,- deyə düşünür. Əslində o uşağın cəmiyyətə adaptasiyası, cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi vacib məsələlərdən biridir. Təəssüf ki, bunu bəzən valideynlər dərk etmirlər. Təkbaşına məktəbləri maarifləndirmək yetərli deyil. Çünki hər kəs bu məsələlərə həssas deyil. Cəmiyyətdə 3 nəfər məişət zorakılığına həssasdırsa, 5 nəfər həssas deyil. Bunu nəzərə almalıyıq. Uşaqlarla birlikdə valideynlər də maarifləndirilməlidir”.