Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 10:29:00
"Tədqiqatlara əsasən, məktəblilərin 89%-i bullinqlə rastlaşırlar"

“Valideynlik təkcə dünyaya uşaq gətirmək, ona geyim, yemək almaq deyil”

 

Bu sözləri AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib.

 

Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir:

 

“Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir. Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir.

 

Təhsil sahəsində aparılan beynəlxalq tədqiqatlar göstərir ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalır (Bullinq - bu, bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez yayılıb). ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub.

 

Ekspert qeyd edib ki, Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i bullinqlə rastlaşırlar:

 

"Qərb ölkələrindəki təhsil tədqiqatlarına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir. Şagirdlər məktəbdə, küçədə məruz qaldıqları təzyiqləri, qeyri-etik davranışları evdə valideyinləri ilə bölüşə bilmədiyi, valideyndən dəstək ala bilmədiyi üçün ortaya xoş olmayan mənzərələr çıxır.

 

Ailə Məcəlləsinin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Yəni, evdə, valideynləri tərəfindən zorakılığa məruz qalan və düzgün davranış qaydalarında tərbiyə olunmayan uşaqlar cəmiyyətə təhlükə saçırlar”.