Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 11:09:55
Deputat: Qırmızı diplomun yalnız mənəvi əhəmiyyəti var

Cəmiyyətdə qırmızı diplom almaq böyük uğur hesab edilir. Universitetə qəbul olan bir çox tələbənin arzusu yüksək göstəricilərlə, qırmızı diplomla məzun olmaqdır.

 

Qırmızı diplomun iş həyatında nə kimi faydası var?  

 

Mövzu ilə bağlı deputat Musa Quliyev AzEdu.az-a müsahibə verib.

 

Deputat qeyd edib ki, qırmızı diplom iş üçün hüquqi bir əhəmiyyət daşımır:

 

“Qırmızı diplom yalnız mənəvi əhəmiyyət daşıyır. Bəzi hallarda nəinki qırmızı, heç o biri diplomun da mənası qalmır. Çünki bu gün işə götürənlərin çoxu namizədləri öz daxili imtahanları ilə işə götürüb-götürməyəcəklərinə qərar verirlər. Düşünürəm ki, qırmızı diplom varsa, bunun müəyyən üstünlüyü olmalıdır.  Ancaq bəzən görürük ki, orta məktəbi qırmızı attestatla bitirənlər universiteti oxuya bilmir, universiteti qırmızı diplomla bitirənlər isə həyatda başqa bir uğura sahib olmurlar. Hesab edirəm ki, qırmızı diplomun insanlar üçün mənəvi əhəmiyyətindən başqa bir əhəmiyyəti yoxdur və olmalı da deyil”.

 

“Xarici ölkələrdə diplomun rənginə yox, yekun bala fikir verilir”,-deyə M.Quliyev bildirib:

 

“Qırmızı diplom işə götürüləndə CV-də müəyyən fikir formalaşdırmaq baxımından əhəmiyyətlidir. Bundan əlavə hazırda Azərbaycan əmək bazarında diplomun rənginin prinsipal əhəmiyyəti qalmayıb. Ümumiyyətlə ölkəmizdə işə götürülmə ilə bağlı qarışıq məqamlar var. Düşünürəm ki, universiteti bitirən kimi işə götürmə ilə bağlı yenidən test imtahanı verilməsi doğru deyil. Xüsusən müəllim və həkimlərin məzun olduqdan sonra imtahana cəlb olunması təzadlı haldır. Əgər test imtahanı veriləcəksə, onda universiteti bitirəndə niyə imtahan verib diplom alınır? Hələki təhsillə, elmlə, eləcə də peşəylə bağlı məsələlərdə dolaşıqlıqlar çoxdur və yavaş-yavaş da bunlar aydınlaşdırılmalıdır”.