Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 16:52:27
Magistr imtahanında ən yüksək nəticə göstərən bakalavr: “Evdə əlavə dərs oxumurdum”

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-i keçirilmiş I cəhd qəbul imtahanının nəticələri elan edib.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) IV kurs informatika texnologiyaları ixtisasının tələbəsi Gültən Məhərrəmli 93 bal toplayıb.

 

AzEdu.az Təhsil Portalı olaraq Gültən Məhərrəmli ilə əlaqə saxladıq.

 

- Gültən xanım, universitetə neçə balla qəbul olmusunuz?

 

- Universitetə 558 balla daxil olmuşam.

 

- Magistraturaya qəbul imtahanında istifadə olunmuş sualların çətinlik səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

 

­- Məncə informatika fənninin cavabları daha çox dəqiqlik tələb edirdi. Əvvəlki sınaqlara baxanda bu ilki imtahanda informatikanın daha çətin olduğunu demək olar. Məntiq fənni asan olsa da, vaxt tələb edən suallar var idi. Xarici dil isə mənim üçün problem olmadı. Fənlər üzrə ayrılıqda ingilis dilindən 20 baldan 20, informatikadan 25-dən 24, məntiqdən isə 50-dən 49 bal toplayaraq ümumi 95 baldan 93 toplamışam. Essedən isə təxminən 4-5 bal gözləyirəm.

 

- Magistratura təhsilinizi hansı universitetdə davam etdirməyi düşünürsünüz?

 

­- Prezident yanında Dövlət İdarəçilik Akademiyasında öz ixtisasım üzrə təhsil almaq istəyirəm. O universitetin keçid balı kifayət qədər yüksəkdir. Düşünürəm ki, bu balla oraya qəbul ola bilərəm.

 

- İxtisasınızla bağlı gələcək hədəfləriniz nələrdir?

 

- Gələcəkdə öz ixtisasım üzrə işləmək istəyirəm. Bununla bağlı planlarım var.

 

- Gültən xanım, uğurunuzun təməlində hansı çalışma üsulu dayanır?

 

- Mən uğurumu hazırlaşdığım kursa borcluyam. Müəllimlərimizin dərs keçmək üsulları, mükəmməl hazırlıqları, əziyyətləri həqiqətən də danılmazdır. Son 1 ay hazırlaşmağım nəticəmə çox müsbət təsir etdi. Mən bu qədər bal toplayacağımı düşünmürdüm.

 

- Bəs magistraturaya hazırlıq zamanı sosial həyatınıza vaxt ayıra bilirdinizmi?

 

- Həm semestr imtahanları, həm də magistraturaya hazırlıqla bağlı ətrafımdakı insanlara çox vaxt ayıra bilmirdim. Demək olar ki, ancaq kursla, dərslə maraqlanırdım. Kursdakı hazırlıq elə idi ki, biz artıq evdə əlavə dərs oxumurduq. Bütün tapşırıqları orada həll edirdik.