Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 13:08:30
Uşaq bağçasında təlim keçirilib - VİDEO

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 87 ünvanında yerləşən “Ana məktəb” uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd bağça kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

 

Təlim zamanı baş vermiş şərti yanğınla əlaqədar bağçanın tərbiyəçi-müəllimləri uşaqların təxliyəsinə başlayıb, “Həyəcan” siqnalı verildikdən dərhal sonra FHN-in yanğınsöndürənləri hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərini həyata keçiriblər. Şərti yanğın baş vermiş bağçada təxliyə planına uyğun olaraq, yanğınsöndürən-xilasedicilər tərəfindən uşaqlar və tərbiyəçi-müəllimlər təhlükəsiz yerə təxliyə edilib, “xəsarət” almışlara “ilkin yardım göstərilib”.

 

Təlim zamanı bağçanın kollektivinə yanğınlar zamanı zəruri davranış qaydaları əyani şəkildə izah olunub, suallar cavablandırılıb.

 

Həmçinin, yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə tanışlıq uşaqların marağına səbəb olub.
 

Uğurla başa çatan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.