Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 13:12:00
Paytaxtın çağırışaqədərki hazırlıq müəllimləri təltif edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə paytaxtın ümumi təhsil müəssisələrinin hərbi vətənpərvərlik tərbiyəsində fərqlənən bir qrup çağırışaqədərki hazırlıq rəhbəri təltif olunub.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri, paytaxt məktəblərinin çağırışaqədərki hazırlıq rəhbərləri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən SHXÇDX aparatının çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında məktəblərin üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, Vətən müharibəsində Azərbaycan məktəbinin, müəlliminin yetişdirdiyi vətənpərvər gəncliyin savaş meydanında göstərdiyi qəhrəmanlıqlar bunun bariz nümunəsidir. Füzuli İsmayılov qazanılan möhtəşəm Zəfərdə çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərin də böyük payı olduğunu vurğulayıb.

 

Digər çıxış edənlər gənclərin formalaşmasında çağırışaqədərki hazırlıq fənninin əhəmiyyətindən danışıb, xalqın gələcəyi üçün layiqli vətəndaş, Vətənə sadiq, torpaqlarımızın bütövlüyü uğrunda canından keçməyə hər an hazır olan gəncləri yetişdirən müəllimlərə təşəkkürlərini bildiriblər.

 

Sonda təltif olunan müəllimlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, vətənpərvər gəncliyin yetişməsində bundan sonra da səylə çalışacaqlarını söyləyiblər.