Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-26 17:55:00
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşüb

“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü paytaxtdakı 300 nömrəli tam orta məktəbdə keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Qonaq özünün məktəb illəri, ilk müəllimləri, məktəb yoldaşları ilə bağlı xatirələrini bölüşüb, indiki məktəbli gənclərlə öz dövrü arasındakı oxşar və fərqli cəhətlərdən söz açıb. Şagirdlərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə A.Mirzəyev Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə insanların birliyi, göstərilən qəhrəmanlıqlardan, bir neçə gün əvvəl Qarabağda keçirilən antiterror tədbirlərində Azərbaycan Ordusunun daha bir missiyanı uğurla yerinə yetirməsindən bəhs edib.

 

Bir qəhrəman qazi üçün Zəfərin anlamından danışan A.Mirzəyev millət üçün birliyin, həmrəyliyin önəmi və bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən, şagirdlərin ləyaqətli insan, əsl vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin rolundan söz açıb, şagirdləri düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.