Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-22 11:37:00
Süni intellekt tədris prosesində tətbiq oluna bilərmi? – RƏY

Çağdaş dövrü simvolizə edən anlayışlardan biri də süni intellektdir. Fəaliyyət sahələrinin əksər hissəsini əhatə edən bu texnologiyalar həyatı asanlaşdırmağa, əmək fəaliyyətini intensivləşdirməyə kömək edir. Süni intellektin bir çox sahəyə təzahür etdiyini nəzərə alsaq, təhsil sahəsini də istisna etmək olmaz. Təhsili əhatə edən bir çox sahədə sözügedən texnologiyaların geniş fəaliyyəti mövcuddur.

 

Bəs süni intellekt tədris prosesində tətbiq oluna bilərmi? Hansı formada tətbiq olunsa, daha faydalı olar?

 

Suallarımıza cavab tapmaq məqsədilə İKT üzrə ekspert Elvin Abbasova müraciət etdik.

 

Ekspert AzEdu.az-a açıqlamasında bildirib ki, öncəliklə süni intellektin tətbiq ediləcəyi sahələr üzrə tədqiqat aparılmalıdır:

 

“Süni intellekt birmənalı anlayış deyil. Bunun fərqli sahələr üçün fərqli formatda tətbiq üsulları var. Sözügedən texnologiya sadəcə qərar deyil, eyni zamanda icraçı mexanizmdə də iştirak edə bilir. Bunun üçün də öncəliklə süni intellektin tətbiq ediləcəyi sahələr üzrə tədqiqat aparılmalıdır. Yəni tədris prosesində şagirdlərin istifadəçi, yoxsa tədqiqatçı olaraq iştirak edəcəklərinə qərar verilməlidir. Belə düşünə bilərik ki, süni intellekt bir insandır. Siz ona hansı işi versəniz onu yerinə yetirəcək. Süni intellektin tədqiqi, istifadəsi, istifadəçisi, onun tədrisdə yoxsa, tədrisin köməkçisi olaraq istifadə olunması məsələsi aydınlaşdırılmalıdır. Bunlar fərqli mövzulardır”.

 

Mütəxəssisin sözlərinə görə, süni intellekt tədris prosesində köməkçi alət kimi proqramların, təqdimatların hazırlanmasında istifadə oluna bilər:

 

“Bundan başqa şagirdlərə və ya tələbələrə süni intellektin tətbiq sahələri üzrə dərslərin keçirilməsi də bir seçimdir. Çağdaş dövrdə geniş yayılmaqda olan bu texnologiyadan təhsil sahəsində bir çox işdə faydalanmaq olar. Təhsilalanların tədrisi prosesində və yaxud sadəcə bir fənn kimi, sualların hazırlanması, geniş məlumatların alınması və s. formalarda tətbiq olunması mümkündür. Bu, elə bir amildir ki həm qərarverici, həm də icraçı kimi istifadə oluna bilər”.