Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-20 17:05:00
Azərbaycan alimi Almaniyada beynəlxalq elmi konfransda məruzə edib

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova Almaniyanın Dortmund şəhərində hibrid formatda keçirilən “XXI əsrdə elmin inkişafı” mövzusunda VIII beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.

 

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib.

 

Ş.Mahmudova “Bulud sistemlərinin platformasında paylanmış strukturlu proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metodun işlənməsi” mövzusunda məruzəsində bildirib ki, hesablama buludları istifadəçilərə məlumatları səmərəli şəkildə saxlamağa və idarə etməyə imkan verir. Proqram sisteminin qurulmasında hesablama buludlarından istifadə edilməsi xərclərin azalmasına, verilənlərin saxlanma dəyərinin minimallaşdırılmasına səbəb olur. Tədqiqatçının sözlərinə görə, dünya iqtisadiyyatının müasir inkişafı informasiya sistemlərinin geniş tətbiqi ilə müşayiət olunur ki, onların arasında bulud texnologiyaları xüsusi yer tutmağa başlayır.

 

“Bulud texnologiyaları tədricən müxtəlif sənaye və fəaliyyət sahələrində şirkətlərin rəqabət qabiliyyətinin artmasına təsir edən ən mühüm amillərdən birinə çevrilir”, - deyə qeyd edən məruzəçi bu prossesin bir neçə mərhələdən ibarət olduğunu deyib. O, bu məqsədlə hesablama buludları, xüsusiyyətləri və xidmətlərinin araşdırıldığını, əlaqəli işlər və ən çox yayılmış hesablama buludları modellərinin, bulud verilənlər bazalarının tədqiq edildiyini diqqətə çatdırıb. Ş.Mahmudova hesablama buludlarının üstün və çatışmayan cəhətlərini də qeyd edib.

 

Məruzəçinin sözlərinə görə, bulud texnologiyalarından istifadənin səmərəliliyini artırmaq üçün effektiv yanaşmaların olması onların istifadəsinin üstünlükləri və məhdudiyyətlərinin hərtərəfli qiymətləndirilməsinin məqsədəuyğunluğunu və əhəmiyyətini, habelə gələcək inkişaf perspektivlərini əvvəlcədən müəyyənləşdirir.

 

Ş.Mahmudova hesablama buludlarında proqram sistemlərinin məhsuldarlığının artırılması, proqnozlaşdırılması, monitorinqi, istehsal vaxtının azaldılması məqsədilə rəqəmsal əkiz texnologiyaları, növləri və s. tədqiq edildiyini vurğulayıb. O, həmçinin hesablama buludlarında proqram sistemləri üçün etibarlılıq meyarlarının seçildiyini, proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metodun işlənildiyini qeyd edib.

 

Çıxışının sonunda dosent Ş.Mahmudova əldə olunmuş elmi nəticələr əsasında aparılan hesablamaların yüksək nəticə verdiyini diqqətə çatdırıb.

 

Ş.Mahmudova beynəlxalq konfransda məruzə ilə çıxış etdiyinə görə sertifikatla təltif olunub.