Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-19 15:21:00
Edinburq Universitetinin azərbaycanlı “istedad”ı - “İllik təqaüdüm 100 minə çatacaq” - MÜSAHİBƏ

AzEdu.az saytı “İstedad” rubrikasını davam etdirir. 

 

Budəfəki müsahibimiz Zahir Məmmədzadədir.  

 

O, təhsilini "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın ən yaxşı 22 universiteti siyahısına daxil olan (QS World University Rankings əsasən) Edinburq Universitetində maliyyə ixtisası üzrə davam etdirəcək. 

 

Müsahibəni təqdim edirik: 

 

- İlk növbədə özünüz haqqında məlumat verməyinizi istərdik...

 

- Mən Zahir Elbrus oğlu Məmmədzadə orta təhsilini T.Məmmədov adına 239 saylı tam orta məktəbdə almışam. 2017/2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında coğrafiya fənni üzrə 1-ci yeri qazanmış və qızıl medalın sahibi olmuşam. Elə həmin iltəhsil naziri tərəfindən yalnız 8 məktəblinin layiq görüldüyü "First of First" nominasiyası ilə təltif olunmuşam. 2019-cu ildə keçirilən ali məktəblərə qəbul imtahanlarında 632.6 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə ixtisasına qəbul olunmuşam. İlk tədris ilindən etibarən SABAH qruplarına qoşulmuşam. Ali təhsili müddətində beynəlxalq peşəkar kvalifikasiyalardan olan ACCA-in imtahanlarında iştirak edərək FA və FR sertfikatları əldə etmişəm. 2022-ci ilin oktyabr ayından "RSM Azerbaijan"da Audit intern olaraq çalışmağa başladım. 2023-cü ildə UNEC-də SABAH mərkəzinin fərqlənmə məzunu adını qazandım. 

 

- Xaricdə təhsil almaq qərarına nə zaman gəldiniz? 

 

- Xaricdə oxumaqla bağlı istəyim SABAH qruplarına daxil olduqdan sonra, yəni 2-ci kursda yarandı. Sonuncu kursda isə artıq IELTS sertifikatı almağa, universitetlərə müraciət etməyə başladım.

 

- Nə üçün xaricdə təhsil almağı seçdiniz?

 

- Təhsilimi xaricdə davam etməyimin əsas səbəbi daha keyfiyyətli təhsil almaq istəməyimdən irəli gəlir. Amma digər mənə təsir edən amillər də var. Təkbaşına bir fərd kimi ailəmdən uzaq yaşamaq istəyirəm. Bir növ, özümü sübut etmək əsas məqsədimdir. Düzdür, hazırda işləmirəm, amma həm oxuyub, həm də işləməyi düşünürəm. 

 

- Edinburq Universitetinə qəbul olunduğunuzu biləndə hansı hissləri keçirdiniz?

 

- Təbii ki, bu xəbər məni sevindirdi. Amma sevincimin həddi o qədər də çox deyildi. Çünki Azərbaycan tələbələri savad baxımından kifayət qədər güclüdürlər. Ona görə xarici universitetlərə qəbul olunmaq bizim üçün o qədər də çətin deyil. Yəni onsuz da qəbul olunacağımı düşünürdüm. Mənim üçün əsas məsələ təqaüdlə təhsil alamaq idi və məqsədimə yiyələndim. Bunun üçün təhsilinizi maliyyələşdirə biləcək bir orqan, qurum və ya təşkilat tapmaq lazımdır. Mən də Elm və Təhsil Nazirliyinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na müraciət etdim və avqust ayında müsbət cavab gəldi. 

 

- Başqa hansı universitetlərə müraciət etmişdiniz ?

 

- Xaricdə yerləşən 30-dan çox universitetə müraciət etmişdim və təxmini 20-sinə qəbul olunmuşdum. Bunlardan 5-i təqaüdlə idi.

 

 

- Bəs niyə seçiminiz Edinburq Universiteti oldu?

 

 

 - Bu universitet dünyada top 20-də olan ali məktəblərdən biridir. Seçimimə təsir edən ən böyük amillərdən biri də elə reytinqli olması ilə bağlıdır. Həmçinin, alacağım təqaüd bir çox xərclərimi qarşılacayaq. Bura təyyarə bileti, universitetin illiyi, təqaüd və s. daxildir. Həm də Edinburq şəhər olaraq çox gözəldir.

 

 - Nə qədər təqaüd alacaqsınız?

 

- İllik təhsil haqqımın ödənilməsi üçün 80 min manatdan çox vəsait ayrılıb. Az öncə sadaladığım digər xərcləri də əlavə etsək, təxmini 100 min manata gəlib çıxır.   

 

 

- Bir çoxları Azərbaycanda verilən təhsilin kifayət qədər yetərli olmadığına görə gənclərin xaricə üz tutduğunu söyləyir. Bəs siz bu fikirlərlə razısınız?

 

 

- Mən özüm Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil almışam. Buradakı bakalavr təhsilinin kifayət qədər yetərli olduğunu düşünürəm. Həmçinin, Azərbaycanda bir neçə universitetdə verilən bakalvr təhsili olduqca güclüdür. Lakin magistratura üçün eyni cür düşünmürəm. Daha çox inkişaf etmək istəyənlər magistraturanı xaricdə oxumalıdır. Bu fikirlərlə bir qədər razı olsam da, tam olaraq belədir deyə bilmərəm. Hazırda Edinburq Universitetində demək olar ki, ən fəal tələbələr elə azərbaycanlılardır. 

 

- Bu zamana qədər heç ailənizdən uzaqda yaşamısınız? Sizin üçün Böyük Britaniyada tək yaşamaq çətin olmayacaq ki?

 

 

- İlk dəfədir ailəmdən bu qədər uzaqda və tək yaşayıram. Tək qalmaq sözsüz ki, çətindir. Amma hesab edirəm ki, əgər nəticə yaxşı olacaqsa, əziyyət çəkmək müsbət bir şeydir.

 

 

- Karyeranız üçün ən böyük hədəfiniz nədir?

 

- Karyeram üçün dediyiniz kimi, “böyük hədəf"im yoxdur. Düşünürəm ki, buradakı hansısa professorun, tələbə yoldaşlarımın və yaxud keçdiyim hər hansı bir fənnin təsiri nəticəsində, mənim üçün karyera yolu müəyyənləşə bilər. Amma maliyyə ixtisasında oxuyuram və yaşıl maliyyə ilə maraqlanıram. Bu sahə Azərbaycanda da inkişaf edə bilər. Yaşıl maliyyə üzrə hansısa tədqiqat aparmaq və üzərində işləmək maraqlı olar. Mən elə bakalavr dissertasiyamı da “Enerji effektivliyi və səmərəliliyində yaşıl maliyyənin rolu” mövzusunda yazmışdım. Ölkəmizdə buna böyük ehtiyac var, lakin yeni sahə olduğu üçün inkişaf etməyib.

 

 - Sizcə, gənclər xaricdə təhsil almaq üçün hansı məqamlara diqqət etməlidir?

 

- Gənclər xaricdə təhsil almaq istəyirlərsə, bunun üçün onlara bir neçə il lazımdır. İstək, fikirlərin formalaşmağı, hazırlıq, gedişat və nəticə çox uzun, vaxt alan prosesdir. Əsas məqam gənclərin  vaxtlarını düzgün bölməsidir. Məsələn, sonuncu kursda olan tələbələr dil sertifikatı almağı sonraya saxlamasınlar. Həmin sertifikat olduğu halda onların müraciətləri tez qəbul ediləcək. Həmçinin, xaricdə təhsil almaq istəyənlərin araşdırma bacarıqları çox güclü olmalıdır. Çünki bu prosesdə hər nüansı, nəyin daha yaxşı olacağı barədə yalnız özün araşdırıb məlumat toplaya bilərsən.