Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-14 16:15:00
Zorakılıq edən direktorlar var! – Deputat onlara ağır cəza istədi

Məktəb direktorlarının şagirdlərə qarşı cinsi istismarı və zorakılıq hallarının artdığını müşahidə edirik.

 

Son hadisəyə nəzər salsaq, İmişli rayonunun Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru Elşən Baxşəliyev rəhbərlik etdiyi məktəbdə şagirdə qarşı seksual qısnama və təhdiddə ittiham olunduğu üçün vəzifəsindən azad edilib.

 

Bu kimi hadisələr cəmiyyətdə narahatlıq doğurur.

 

Mövzu ilə bağlı AzEdu.az açıqlama verən deputat Ceyhun Məmmədov qeyd edib ki, həmin direktorlara daha ağır cəzalar tədbiq olunmalıdır:

 

“Həqiqətən də bu kimi hadisələrin mətbuatda əvvəlkindən daha çox işıqlandırıldığının şahidi oluruq. Birmənalı şəkildə çox xoşagəlməz bir haldır. Düşünürəm ki, şagirdlərə qarşı istismar və zorakılıq edən direktorların aqibəti yalnız işdən çıxarılaraq yekunlaşa bilməz. Belə hallar aşkarlanarsa, həmin insanlar hüquq çərçivəsində cəzalandırılmalıdır. Belə olduğu təqdirdə digər direktorlar da bundan nəticə çıxara bilər”.

 

Deputat sözügedən hadisələrin artmasının səbəblərindən danışıb:

 

“Burada başqa bir məsələ ondan ibarətdir ki, məktəbə hər insan direktor təyin edilməməlidir. Son dövrlər kifayət qədər təcrübəsiz direktor məktəblərə təyin olunur. Universitetdən məzun olub, 1-2 il müddətində müəllimlik edib, daha sonra direktor təyin olunan insanlar təbii ki də, təcrübəsiz olacaq. Bunun qarşısını almaq lazımdır. Hər bir müəllim və direktor işə qəbul olunarkən psixoloqlar tərəfindən onların faktiki psixoloji vəziyyəti aydınlaşdırılmalıdır. Təəssüf ki, hələ də məktəblərimizdə xeyli təcrübəsiz, müvafiq tələblərə cavab verməyən direktorlar var”.

 

Parlament üzvünün sözlərinə görə bu kimi hadisələrin baş verməsinin digər bir səbəbi də məktəblərdə ciddi nəzarətin olmamasından qaynaqlanır:

 

“İstər direktorların, istərsə də müəllimlərin fəaliyyəti daim yoxlanılmalıdır. Onlar üzərilərində nəzarət olduğunu hiss etməlidir. Yəqin ki, bu kimi xoşagəlməz hallar bir an içərisində baş vermir. Ola bilsin ki, həmin direktorlar dəfələrlə şagirdlərə istismar edir, lakin üzə çıxan cəmi bir fakt gündəmə gətirilir”.

 

Məmmədov vurğulayıb ki, bəzi Regional Təhsil İdarələrinin rəhbərləri yerində deyil:

 

“Təhsildən anlayışı olmayan, heç bu sahədə çalışmayan insanlar həmin idarələrdə direktorluq edir. Təhsildə bu formada menecment olmamalıdır. Hansısa şirkəti idarə edə bilib deyə, götürüb onu Təhsil İdarəsinin direktoru seçə bilmərik. Məni bir şey düşünüdürür. İmişli rayonunda artıq neçənci dəfədir ki, bu kimi xoşagəlməz hallar baş verir. Bir müddət əvvəl də həmin rayonda yerləşən məktəbdə ayaqyolu problemi olmuşdu. Bəs bu Regional Təhsil İdarəsinin müdiri niyə bu işlərə bir əncam çəkmir? Niyə görə məktəbi idarə edənlər nəzarətə götürülmür? Ümumiyyətlə, həmin Regional Təhsil İdarəsinin müdirinin hansı işlə məşğul olduğunu araşdıran varmı? Bunların hamısı sorğu-sual olunmalıdır”.