Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 13:36:00
“Bəzən valideynlər uşağa özü boyda çanta alırlar” – Sağlamlığı düşünün!

 Məlum olduğu kimi, yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər təlaşlı şəkildə son hazırlıqlarını bitirməyə çalışırlar.

 

Məktəb ləvazimatlarının ən əsası məktəb çantalarıdır. Çünki uşaq bütün tədris ili boyu alınan çantanı daşıyır. 

 

 Ona görə də valideynlər çanta seçimində diqqətli olmalıdırlar. Bəzən kitab və dəftərlərlə dolu çantalar uşaqların sağlamlığında problemə yol açır.


Bəs ağır çanta şagirdlərin səhətində hansı problemlər yarada bilər? Düzgün çanta seçimi necə olmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, məktəb çantalarının ağır olması səbəbi ilə çanta daşıyan şagirdə nadir hallarda rast gəlinir:

 

 

“6 yaşında uşağın öz çantasını götürüb, məktəbə getdiyinin demək olar ki, şahidi olmuruq. Bəzi uşaqlar maşınla gedir, bəzilərinin də çantasını valideyn daşıyır. Mən uşaqlarla çox işləmişəm. Müşahidələrim onu göstərir ki, bütün valideynlər təhsil barəsində hər zaman gileylənir. Məlumdur ki, təhsil üzdə olan sahədir və Azərbaycanda bütün ailələrdə təhsillə kontakt mövcuddur. Uşaqlar üçün dərs çantasının ağırlığı barədə hər il həkimlər, həmçinin valideynlər öz narazılıqlarını bildirirlər. Amma burada hər şeyi məktəbin və təhsilin üzərinə atmaq yanlışdır. Çox zaman valideynlərin övladı üçün etdiyi çanta seçimi uğurlu olmur. Təxminən elə uşağın boyu qədər çanta alırlar. Çantanın ağırlığı şagirdin çəkisinin 10 faizini təşkil etməlidir. Valideynlər daha çox görüntüyə fikir verir, lakin uşaqların sağlamlığını da düşünmək çox vacibdir.

 

Həkim vurğulayıb ki, uşaqlar üçün çanta seçimi edərkən müəyyən normativləri nəzərə almaq lazımdır:

 

“Məktəb çantası kürəyi kip tutmalıdır. Ağırlıq şagirdlərin kürəyinə eyni dərəcədə yayılmalıdır. Çantanın uzunluğu isə qurşağa qədər olmalıdır, hətta qurşağdan yuxarı olması daha məqsədəuyğundur. Çantada ağırlıq eyni dərəcədə deyilsə və uşaq bir tərəfini əyirsə, o zaman problemlər yarana bilər. Əslində çantanın psixoloji baxımdan da əhəmiyyəti var. Uşaq hiss etməlidir ki, məktəbə gedir. Ona görə də çantanı validenlərin deyil də uşaqlarının özlərinin daşımağının tərəfdarıyam”.

 


Pediatr ağır çantaların uşaqlarda yarada biləcəyi problemlərə də toxunub:

 


“Çantanın həddindən artıq ağır olması uşaqlarda skolioz, deformasiya yarada bilər. Bu bir faktdır ki, məktəbə başlayan uşaqların sümüklərinin ən çox inkişaf etdiyi dönəmdir. Çox zaman valideynlər övladının məktəbə getmədən öncə qamətinin düz olduğunu, daha sonra isə müəyyən problemlər yarandığını qeyd edirlər. Bunun bir səbəbi də oturma qaydasıdır. Uşaqlar evdə və parta arxasında düzgün oturmalıdır. Məsələn, gözlə parta arasındakı məsafə 30 sm olmalıdır. Amma uşaqlar oturarkən buna heç fikir vermilər. Əsasən, bunu valideynlər övladlarına aşılamalıdır. Hər şeyi məktəbdən və müəllimlərdən gözləmək olmaz. Bəzi siniflərdə 30-dan çox şagird olur. Müəllim onların hər birinin oturma qaydasına fikir versə, dərs başa çatar”.