Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 16:51:00
6 mindən çox kollec məzunu ali təhsil alacaq - Tədrisə mənfi təsir

Dövlət İmtahan Mərkəzinin yaydığı statistik məlumata əsasən, bu il ali təhsil müəssisələrinə 6592 subbakalavr qəbul olunub.

 

Məlumatda qeyd edilib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da ötən ilə nisbətən 1665 nəfər daha çoxdur.

 

Subbakalavrların imtahansız ali təhsil müəssisələrinə qəbul olunması bir çoxları tərəfindən müsbət qarşılansa da, bunun arzuolunmaz olduğunu söyləyənlər də var.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, kollec məzunları ali təhsil müəssisələrindəki tədris prosesinə bir qədər təsir edir:

 

 

“Bu il subbakalavrların ali məktəblərə qəbul olunması ilə bağlı çox rəqabətli bir vəziyyət yarandı. Onlar qəbul prosesində müəyyən qədər çətinliklərlə qarşılaşdılar. 6 mindən çox kollec məzunu ali məktəblərdə təhsil alacaq. Subbakalavrların ali məktəblərə qəbul olunması yaxşı haldır. Lakin düşünürəm ki, bu vəziyyət ali məktəblərin plan yerlərini doldurmaqdan başqa bir şey deyil. Onlar ali təhsil müəssisələrində tədris prosesinə müəyyən qədər mənfi təsir göstərir. Subbakalavrların çoxu kolleci bitiriblər, deyə qiyabi təhsilə üstünlük verirlər. Həm oxuyub, həm də işləmək tərəfdarıdırlar. Hesab edirəm ki, bu cür ali təhsil almağın elə də önəmi yoxdur”.