Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 15:21:08
Iğdırda yeni bağçaya Şuşa adı verilib

Türkiyənin Iğdır şəhərindəki Topçular məhəlləsində tikintisi başa çatmış yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib.  

 

AzEdu.az xəbər verir ki, Iğdırdakı Heydər Əliyev adına Fənn Liseyinin qarşısında yerləşən bu uşaq bağçasına  Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin adının verilməsi təklifini diaspor fəalı, “Yeşil Iğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş irəli sürüb. 

 

Baş redaktorun bu barədə İğdır valisi Hüseyn Engin Sarıibrahimə müraciəti təqdirlə qarşılanıb və Şuşa adının uşaq bağçasına verilməsi barədə qərar qəbul edilib.

 

İğdır valisi Hüseyn Engin Sarıibrahim bildirib ki, 44 günlük Zəfər savaşından sonra azadlığına qovuşan Qarabağın Şuşa şəhərində Türkiyə və Azərbaycan Prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin imzaladıqları Şuşa Bəyannaməsi ilə dünyaya çox anlamlı mesajlar verilib. “Bu il Şuşa şəhəri türk dünyasının  mədəniyyət paytaxtı elan edilib. Heydər Əliyev Fənn Liseyinin qarşısında Şuşa adlı uşaq bağçasının olması gözəl fikirdir. Şuşa Uşaq Bağçası şəhərimizə xeyirli olsun!” - deyə vali söyləyib.

 

Cabbar Sıktaş  qərara görə valiyə təşəkkürünü bildirib. 30 il işğal altında saxlanılan Şuşa şəhərinin Vətən müharibəsi və qardaş həmrəyliyi nəticəsində azad Şuşaya çevrildiyini xatırladıb. “Bir millət, iki dövlət” liderlərinin dosta güvən, düşmənə qorxu yaşatdığını xatırladan baş redaktor qeyd edib ki, Xocalı bizim ağrılarımızın ərşə çıxmasının rəmzi, Şuşa isə qələbəmizin, Vətən uğrunda gözlərini qırpmadan şəhadətə gedən igidlərimizin qəhrəmanlığının rəmzidir. 

 

Qeyd edək ki, Topçular məhəlləsində inşa edilmiş Şuşa uşaq bağçası 8 sinif otağına malikdir və 160 yerlikdir. Məktəb müdiri Fatma Kurt bildirib ki, qəbul üçün hazırlıqlar davam edir.

 

Şuşa uşaq bağçasının lövhəsi rəsmi prosedurlar başa çatdıqdan sonra asılacaq.